2022-ci ildə SOCAR tərəfindən Protokolda nəzərdə tutulan borclar üzrə ümumilikdə 529,7 milyon ABŞ dolları, o cümlədən 311,7 milyon ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) və 218 milyon ABŞ dolları Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş üzrə formalaşan vergi öhdəliyinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə ödənilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Nəticədə Protokolda yer alan borclardan büdcə ödənişləri çərçivəsində, 2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi istiqaməti üzrə 27,25 milyon ABŞ dolları və qaz borcu istiqaməti üzrə 355,2 milyon ABŞ dolları ( bundan 137 milyon ABŞ dolları ARDNF-yə, 218 milyon ABŞ dolları vergi öhdəliyinə) məbləğində öhdəlik və investisiya portfeli çərçivəsində, Bakı Gəmiqayırma Zavodunun tikintisinin maliyyələşdirilməsi məqsədi ilə ADRNF tərəfindən əldə edilmiş istiqrazlar üzrə 147,2 milyon ABŞ dolları məbləğində öhdəlik icra edilib.