Neft Fondunda aparılan audit üzrə nəticə formalaşdırmaq məqsədilə əldə edilmiş audit sübutları (məlumatlar, dəlillər), kənar dövlət maliyyə nəzarəti (KDMN) obyekti tərəfindən 07 iyun 2023-cü il tarixli 12-1/2-4/1- 389/2023 nömrəli audit qrupu hesabatına cavab məktubu ilə təqdim edilmiş məlumatlar müəyyən edilmiş audit meyarı ilə müqayisə olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Belə ki, audit qrupu tərəfindən toplanmış sübutlar təhlil edilərkən peşəkar mühakimə tətbiq olunmuş, nəticə çıxarmaq üçün yeterli və müvafiq sübutların olub-olmadığı, eyni zamanda, obyektiv təsəvvür yaratmaq üçün qiymətləndirmə prosesində audit təsbitləri ilə bağlı təmin edilmiş bütün sübutlar nəzərdən keçirilib.
Bir mənbədən əldə olunan audit sübutu digər mənbədən alınmış audit sübutu ilə uyğunsuzluq təşkil etdiyi hallarda auditin digər aspektlərinə (tapıntının aktuallığına, risklərin azaldılmasına, nöqsanların əhəmiyyətliliyinə) təsirləri nəzərə alınıb.
Əhəmiyyətli təhriflərin və uyğunsuzluqların dəyər və kəmiyyət ölçülərini əhatə edən məbləğlərin həcmi və əhəmiyyəti, hesabatlarında təhriflərin və digər uyğunsuzluğun mahiyyəti, uyğunsuzluqların hesabatlarda təhriflər ilə nəticələnməsinin səbəbləri, uyğunsuzluğun baş verməsi fonunda hesabatlarda yaranan təhriflərə təsir edən amillər və digər məsələlər müqayisəli təhlil edilib.
İstifadə edilən analitik proseduralar vasitəsilə toplanan və digər fəaliyyət nəticəsində əldə olunan məlumatlar (dəlillər, sübutlar), aparılmış müzakirələr, müəyyən edilmiş meyarlar üzrə qiymətləndirmələr Hesablama Palatasının audit qrupunun hesabatına dair keçirilmiş müzakirələrin nəticələri nəzərə alınmaqla aparılıb.