Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Nəzərdə tutulmuş əməllər külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər:
– təkrar törədildikdə;
– iki və ya daha çox şəxs barəsində törədildikdə;
– bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
– silah tətbiq etməklə törədildikdə;
– zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə;
– işgəncə verməklə törədildikdə –
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Xeyli miqdar” dedikdə yüz manatdan yuxarı, lakin min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə min manatdan yuxarı məbləğ başa düşülür.