Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Heftelik.az-a bildirilib ki, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.

***

saat 10.25

Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən nHeftelik.az-a verilən məlumata görə,  dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.

Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam edir.