Zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə tətbiq edilən cəzalar açıqılanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nəzərdə tutulmuş əməllər bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər üç aydan artıq törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır şərait zəminində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.