Mədəniyyət nazirinin müavininin qayınanasının bu gün nazirlik yanında İctimai Şuraya üzv seçildiyi məlum olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə yazıçı-jurnalist Mirmehdi Ağaoğlu paylaşım edib.
Mirmehdi Ağaoğlu yazıb ki, bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçki keçirildi: “Mənə səs verənlərə dərin təşəkkürümü bildirirəm. Seçilməsəm belə, deyim ki, çox şəffaf seçki oldu. Hətta o dərəcədə ki, mədəniyyət nazirinin müavininin qayınanası da İŞ-ya üzv seçildi”.
Qeyd edək ki, İctimai Şuraya seçilənlər sırasında mədəniyyət sahəsində fəaliyyət göstərməyən QHT-lərin təmsilçiləri – Nihad Allahyarlı (“DAVAM” Gənclər Hərəkatı İctimai Birliyi) və Samirə Mustafayeva (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi) da var.
Xatırladaq ki, nazirlik son ana qədər seçicilərin siyahısını rəsmi saytında paylaşmayıb. Bu da həmin şəxslərin həqiqətən QHT-lərin üzvü olub-olmaması, QHT üzvləri kimi Ədliyyə Nazirliyinin reyestrində yer alıb-almaması barədə suallar yaradıb.