Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 1759 saylı Fərmanı ilə Dövlət Neft Fondunun büdcəsinə müvafiq dəyişikliklər edilib, gəlirləri 15 789,1 mln. manat, xərcləri isə 11 597,1 mln. manat məbləğində təsdiq edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
2022-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 75 972,3 mln. manat və ya 45 025,1 mln. dollar təşkil etmişdir. 2022-ci il ərzində manat ifadəsilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 16 866,5 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (15 789,1 mln. manat) 106,8 faiz səviyyəsində icra edilib. 2022-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 7 988,3 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (11 597,1 mln. manat) 68,9 faiz səviyyəsində icra olunub. 2022-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 8 878,2 mln. manat və yaxud 4 886,9 mln. ABŞ dolları məbləğində profisit yaranıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70,0 ABŞ dolları nəzərdə tutulduğu halda il ərzində bir barelin ortaçəkili qiyməti 101,1 ABŞ dolları, xalis mədaxil qiyməti isə 98,1 ABŞ dolları olması müəyyən edilib.
2022-ci il üzrə Fondun büdcəsində profisit yaranıb, neftin satış qiymətinin proqnoza nisbətdə 31,1 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından 11 587,6 mln. ABŞ dolları gəlirinin yaranması aktivlərin həcmində artıma səbəb olub. Belə ki, 2022-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 4 008,4 mln. ABŞ dolları və yaxud 8,9 faizə qədər artaraq 49 033,6 mln. ABŞ dolları olub.