2008-ci ildə Heydər Əliyev yolunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməklə Hesablama Palatasının fəaliyyət istiqamətləri üzrə hüquqları daha da genişləndirildi.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, yeni dövrün çağırışları nəzərə alınmaqla, 2018-ci ildə “Hesablama Palatası haqqında” qanun qəbul edilib: “Bu qanunun qəbul edilməsi ilə Hesablama Palatası inkişafının yeni mərhələsinə qədəm qoyub.
Bəhs olunan qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir. Bu qanun beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatasının fəaliyyətinin təşkil edilməsinə hüquqi platformanı təmin etməklə dövlət vəsaitlərinin qorunmasında, bu vəsaitlərin nəticəli və qənaətli istifadəsində Hesablama Palatasının məsuliyyətini də dəfələrlə artırıb. Bununla yanaşı, yeni qanunla Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktların təşkil etməsi ilə yanaşı, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) standartları əsasında hazırlanmış metodiki sənədlərin də tərtib edilməsi üçün hüquqi mexanizm yaradılmışdır. Belə ki, həmin Qanunun 2.2-ci maddəsinə əsasən Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti fəaliyyətini “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) standartları əsasında Hesablama Palatası tərəfindən hazırlanan metodiki sənədlərə uyğun həyata keçirir. Bu hüquqi mexanizm Hesablama Palatasının fəaliyyətinin beynəlxalq audit standartlarına uyğunlaşdırılması və daha effektiv inteqrasiya etməsi istiqamətində lazımi tədbirlərin görülməsinə əsas olub. Həmçinin bu Qanunla beynəlxalq əməkdaşlıq Hesablama Palatasının dörd əsas fəaliyyət istiqamətlərindən biri kimi qeyd edilib. Bu səbəblə, INTOSAI (Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı), EUROSAI (Avropa Ali Audit Orqanlarının Təşkilatı), ASOSAI (Asiya Ali Audit Orqanlarının Təşkilatı) və ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Orqanlarının Təşkilatı) kimi beynəlxalq audit təşkilatlarına üzv olmaqla yanaşı, onlarla sıx əməkdaşlıq edir”.