22 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

DİM-dən Heftelik.az-a verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1663 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 273 imtahan rəhbəri, 2079 nəzarətçi–müəllim, 283 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

7 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Sabah saat 14:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər.

İyulun 23-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

saat 13.09

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Bu barədə Heftelik.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunur.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1663 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 273 imtahan rəhbəri, 2079 nəzarətçi–müəllim, 283 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb.

İmtahanda 22447 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20404 nəfər Azərbaycan, 2043 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 14230 nəfəri oğlan, 8217 nəfəri isə qızdır. 20386 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2061 nəfər əvvəlki illərin məzunudur. 18 nəfər ali təhsil müəssisələrinin, 166 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır.

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 23 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.