Bir QHT rəhbəri kimi Mədəniyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərlə əlaqədar bir neçə ağrılı məqama toxunmağı vacib sayıram. Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərdə mədəniyyətlə əlaqəsi olmayan QHT-lərin, gənclər təşkilatının üzvlərinin seçici kimi iştirak edə biləcəyi xəbərini eşidəndə çox təəccüblənmişdim. İnanmayıb, nazirliyin saytında elanı da oxudum. Bu arada yazıçı-jurnalist dostumuz Mirmehdi Ağaoğlunun İctimai Şurada seçkilərdə namizəd kimi iştirak etmək istəyindən xəbər tutduqdan sonra da bu prosesə qatılmağa, beləliklə prosesi müşahidə etməyə qərar verdim. İctimai Şurada layiqincə təmsil olunacağına inandığım Mirmehdi Ağaoğlunun namizədliyinin irəli sürülməsi prosesində də sənədləşmə işlərində dəstək verdim. İndi isə iştirakçısı və müşahidəçisi olduğum bu tragikomik proses barədə.
Bir sıra sahələr var ki, xüsusi, həssas yanaşma tələb edir. Mədəniyyət də belə sahələrdən biridir, birincilər sırasındadır. Necə ola bilər ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvləri mədəniyyət sahəsinin insanları yox, mütləq əksəriyyəti mədəniyyətlə əlaqəsi olmayan, QHT sektoru sahəsində artıq işbazlara çevirilmiş QHT qruplaşmaları seçsin, yaxud…?
Birinci və ikinci turda o səsvermədə seçici qismində iştirak edən bir mədəniyyət xadiminə rast gələn olub? Mən şəxsən görmədim. Yoxdur bu ölkədə incəsənət, ədəbiyyat və mədəniyyətlə bağlı digər sahələrin ictimai birlikləri, ittifaqları, fondları? Niyə Mədəniyyət Nazirliyi İctimai Şuraya seçkilər zamanı seçicilərin də mədəniyyət sahəsi ilə bağlı QHT-lərin təmsilçiləri olması şərtini qoymamışdı? Bu sahədə “İctimai iştirakçılıq haqqında” qanunu bəhanə gətirmək də yersiz olar. Çünki qanun nazirliyə seçkilərdə yalnız mədəniyyət sahəsi ilə bağlı QHT-lərin iştirakını şərt kimi irəli sürməsinə mane olmur.
İkincisi, niyə ən azı Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya yalnız mədəniyyət sahəsinin insanlarının seçilməsi şərti qoyulmamışdı? Axı mədəniyyət sahəsindən uzaq hansısa gənclər təşkilatlarının nümayəndlərinin namizəd kimi qeydə alınması və hansısa yolla İctimai Şuraya seçilməsi mədəniyyətimizə hörmətsizlik deyilmi? Bu təşkilatlardan məqsədi, məramı, hansı məssəbə qulluq etdiyi tam aydın olmayan, yaxud dünənə qədər cəmiyyətdə gənclər təşkilatının rəhbəri kimi tanınan, bu gün isə hansısa bir qondarma, guya mədəniyyət sahəsi ilə bağlı olan təşkilat yaradaraq özünü namizəd kimi təqdim edənlərin o İctimai Şurada nə işi var axı? Axı bu insanlar mədəniyyətə hansı töhfə verəcəklər? Mədəniyyətlə bağlılığı olmayanlar necə nazilriklə ictimaiyyət arasında körpü missiyasını yerinə yetirə bilər?!
Axı ola bilməzdimi ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlər də, o namizədi seçən seçicilər də məhz mədəniyyət sahəsinin insanları olsun?! Mədəniyyətlə bağlı namizədlər təbliğatlarını aparsın, mədəniyyətlə bağlı seçicilər də o namizədlər sırasından İctimai Şurada onları təmsil edəcək nümayəndələri seçsinlər!
Məsələn, mənim üçün çox ağrılı oldu ki, Mirmehdi Ağaoğlunun yazdığı kitabları toplasan, çəkisi o kitablardan az olacaq, Mirmehdi Ağaoğlunun yazdığı bir yazını ömrünün sonuna qədər çabalasa da, yaza bilməyəcək mədəniyyət sahəsindən uzaq hansısa QHT təmsilçisi mədəniyyət sahəsi ilə bağlılığı olmayan seçicilərin hansısa formada “dəstəyi” ilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilir və Mirmehdi Ağaoğluna seçkidə qalib gəlir. Əlbəttə, seçki yarışdır, səndən layiqli namizədə uduza bilərsən və əlini sıxıb təbrik etmək də bir mədəniyyət nümunəsi olar. Ancaq bu halda yaranan mənzərə tragikomik deylmi? Belələri mədəniyyətin hansı problemlərini qapalı müzakirələrdə qaldıra biləcək, kiminsə nə zamansa hansısa yolla hansısa tarixi-mədəni abidəni siyahıdan çıxartdırıb çayxanaya çevirdiyini nəzərə çatdıracaq, bu problemlərin həlli üçün çalışacaq, beləliklə, Mədəniyyət Nazirliyinə yardımçı olacaq?
Bəli, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya şübhəli seçkidə seçilənlər sırasında Nizami Cəfərov, Ayaz Salayev kimi tanınmış mədəniyyət insanlarımız var. Ancaq ora seçici kimi hansısa formada cəlb edilənlərin bu insanları tanıdığına az-çox dünyagörüşü, savadı olanların inanması absurddur. Nizami Cəfərov, Ayaz Salayev kimi insanlarımızın da bu formada İctimai Şuraya seçilməsi nə onların özlərinə, nə də nazirliyə lazımdır.
Onu da deyim ki, mən şəxsən bu il təyin edilən mədəniyyət naziri Adil Kərimlinin bu sahədə islahatlar aparmaq əzmində olduğuna tam səmimiyyətimlə inanıram. Ona da inanıram ki, ümumən qanunvericilikdə qadağalar olmaması səbəbindən Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlər, seçicilər məsələsində tələblərə diqqət yetirilməyib, nazirliyin müvafiq şöbələri, məsul şəxslər bu məsələdə nazirə obyektiv informasiya, haqqında danışdığımız mənzərə barədə məlumat verməyiblər.
Üçüncüsü, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkiləri müşahidələrimdən sonra Ədliyyə Nazirliyinə də bir çağırışım var. İctimai Şuralara seçkilər zamanı ümumiyyətlə ictimai sektorla əlaqəsi olmayan şəxslərin mövsümi seçicilər kimi seçkilərə cəlb olunmasının qarışısının alınması üçün artıq effektiv bir mexanizm üzərində işlənilsin. Məsələn, QHT sıralarında 1 ildən artıq üzv kimi reyestrdə olmayanların belə seçkilərdə iştirakı qadağan edilsin, İctimai şuralara seçkilər zamanı nazirliklərdən, dövlət qurumlarından seçkidən öncə seçicilərin siyahısını dərc etmək tələb olunsun, seçici siyahısının Ədliyyə Nazirliyində yoxlanılması, təsdiqlənilməsi tələbi qoyulsun.
Milli Məclis, Ədliyyə Nazirliyi, digər müvafiq qurumlar, üçüncü sektor da ötən dövrün təcrübəsini nəzərə alaraq, artıq “İctimai iştirakçılıq haqqında” qanuna dəyişikliklər barədə düşünməlidir. Çünki bu qanundakı boşluqlardan QHT sektorunda xüsusən İctimai şuralara seçkilər zamanı eybəcərlikərə yol verilməsi üçün istifadə edildiyi göz önündədir. Bu boşluqların nəticəsidir ki, eyni şəxsi az qala bir neçə dövlət qurumu yanına İctimai Şurada üzv, sədr görürük. Əlbəttə, bu həm də bir mədəniyyət məsələsidir. Ancaq həssas sahələrlə bağlı ixtisaslaşma tələbi, birdən artıq İctimai Şurada təmsilçiliyə qadağa qoyulsa, belə mədəniyyətsizliklərə yol olmaz.
Yeri gəlmişkən, bu gün Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib. Detallara varmadan son addımı təqdir edirəm. Ancaq ən yaxşısı o olar ki, Mədəniyyət Nazirlyi yanında İctimai Şuranın bütün üzvləri istefa versin, yaxud nazirlik seçkinin nəticələrini ləğv etsin. Beləliklə, İctimai Şuraya yenidən mədəniyyət xadimlərinin seçici və namizəd olduğu təkrar seçki keçirilsin. O prosesdə mədəniyyət sahəsi ilə bağlılığı olmayan elə bizim təşkilatın iştirakına qadağa qoyulması xəbərinin sevincini biz də yaşayaq. Bu zaman Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın öncəki tərkibində 2 il təmsil olunan, “işbazlaşmış” üzvlərinin də prosesdən uzaqlaşdırılmasının ancaq faydası olar. Çünki ötən 2 ildə Mədəniyyət Nazirliyi ilə bağlı baş verənlərin fonunda bu şəxslərin yenidən bu nazirliyin İctimai Şurasında özlərinə yer etməyə çalışması o qədər də etik görünmür…
Ramiz Mikayıloğlu (Cürənov)
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri