Hesablama Palatası pambığın tədarükçülərə təhvil verilməsinə görə məhsul subsidiyasının məbləğinin artırılmasını müsbət qiymətləndirməklə yanaşı, xam pambıqdan alınan emal məhsullarının respublikada formalaşdırılması və inkişafı (o cümlədən toxuculuq sənayesinin inkişafı, dövlət vəsaiti hesabına tikilmiş pambıq emalı zavodu komplekslərinin imkanlarından geniş surətdə istifadə edilməsi və s.) üçün də zəruri tədbirlərin görülməsini vacib hesab edir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Eləcə də “Subproqram 1.1. Bitkiçilik məhsulları istehsalının dəstəklənməsi” tədbiri çərçivəsində gübrə verilən sahənin 1334,0 min hektar, istifadə olunan mineral gübrə miqdarının (100% təsiredici maddə hesabı ilə) isə 122,0 min ton olduğu göstərilməklə hər hektar sahəyə verilən gübrənin miqdarının 91,5 kq olduğu alınır ki, bu da məhsuldarlığın artırılması üçün tələb olunan aqrotexniki normalardan kəskin surətdə azdır. Həmçinin, təqdim olunmuş məlumatlarda 338,0 min ton gübrə tələbatına (100% təsiredici maddə hesabı ilə) qarşı faktiki 122,0 min ton istifadə olunması tələbatın 36,1%-nin ödənilməsi deməkdir.