Hesablama Palatasının 2023-cü il üçün İş planına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsində həyata keçirilmiş audit 2021-2022-ci illəri və həmin illərdə istifadə olunmuş 40741,8 min manat məbləğində vəsaiti əhatə edib.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Kənar dövlət maliyyə nəzarəti tədbiri İdarə tərəfindən hesabatlılıq prinsipləri daxil olmaqla dövlət vəsaitinin və digər dövlət əmlakının idarəolunmasının və istifadəsinin, o cümlədən dövlət satınalmalarının həyata keçirilməsinin, həmçinin baş vermiş əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin və maliyyə hesabatlarının tərtibinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb və uyğunluq auditi formasında icra edilib.
Nəzarət tədbirinin proqramı ilə müəyyən edilmiş məsələləri əhatə edən hüquqi aktlar meyar olaraq qəbul edilib, aparılan audit üzrə nəticələrin formalaşdırılması məqsədilə əldə edilmiş audit sübutları (məlumatlar, dəlillər) müəyyən edilmiş audit meyarı ilə müqayisə olunub. Audit planlaşdırılmasında müəyyən edilmiş auditin predmeti, əhatə dairəsi və audit prosedurlarına uyğun audit sübutlarının toplanması üçün zəruri sənədlər təqdim edilmiş, audit qrupunun fəaliyyətinə maneə törədilməsi halları olmayıb.