“Yapi Kredi Bank Azərbaycan” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ilin birinci yarısında “Yapi Kredi Bank Azərbaycan”ın xalis mənfəəti illik müqayisədə 2.6 dəfə artaraq 3 milyon 604 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 1 milyon 361 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 41.3% artaraq 17.1 milyon manat, faiz xərcləri isə 26% artaraq 1.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.3 milyon manata ( illik müqayisədə 11.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 20.5% çox) bərabər olub. Beləliklə bank 7.1 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 58.5% və ya 2.6 milyon manat artım deməkdir.
Eyni dövrdə bankın nağd pul vəsaitləri 43% və ya 73.2 milyon manat azalaraq 97 milyon 445 min manat təşkil edib.
Bu dövrdə bank kiçilib. Belə ki, cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10.8% və ya 52 milyon manat azalaraq 429.8 milyon manata enib. Cari ilin ilk 6 ayında “Yapi Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 6% və ya 14.3 milyon manat artaraq 251.2 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 52.1 milyon manat ( illik müqayisədə 15.1% çox), biznes kreditləri 170.9 milyon manat ( illik müqayisədə 1% çox), daşınmaz əmlak kreditləri isə 28.1 milyon manat ( illik müqayisədə 25.3% çox) təşkil edib.
Bu dövrdə “Yapi Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 760.9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 14.2% və ya 56.5 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 16.7% və ya 60.6 milyon manat azalaraq 303.2 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 63.6 milyon manat və ya 22.5% azalaraq 219.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 2.9 milyon manat və ya 3.7% artaraq 83.7 milyon manat olub.
2023-cü il iyul ayının 1-nə “Yapi Kredi Bank Azərbaycan” ın cəmi kapitalı 5.3% və ya 4.4 milyon manat artaraq 88,5 milyon manat təşkil edib.