Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar aparılıb və bir çox qanun pozuntuları aşkar edilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Aparılan araşdırmaya əsasən məlum olub ki, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin kompüter operatoru Birliyin digər bir qrup işçisi ilə birgə müəssisədə müəyyən maraqlar əsasında müəssisənin normal iş rejimini pozub, təsirində saxladığı şəxslərlə birlikdə Birliyin həkim və digər işçilərinə qarşı fiziki, psixoloji təzyiqlər göstərərək cinayət xarakterli əməllərə yol verib.

Həmin işçilərin cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti sənədlər Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib.

Bütün bu faktlar nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə sözügedən şəxslər tutduğu vəzifədən azad edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bundan sonra da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə muxtar respublika səhiyyəsində nöqsanlara yol verən şəxslərə qarşı sərt tədbirlərin görülməsi davam etdiriləcək, qanunazidd əməllər törədənlərin hüquqi qiyməti veriləcək.