Bu gündən etibarən “Bolt”, “Uber”, “Yango” taksi xidmətlərində qiymətlər iki dəfədən çox artıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, əvvəllər şəhərdaxili ərazilərdə 1-1,1 kilometrlik məsafəyə 1,2-1,3 manat gediş haqqı hesablayan şirkətlər bu qiyməti 2,25-2,60 manata kimi artırıblar.
Taksi şirkətlərindən əldən olunan məlumata görə, bahalaşmaya bazar üzrə qoyulan tələblər səbəb olub. Onlayn taksi xidmətləri tələbləri nəzərə alaraq sürücülərə əvvəllər təklif etdikləri bonusları ləğv edib. Bu da nəticədə, qiymətlərə təsir edib.
“Bolt” və “Uber” şirkətlərindən isə bildirilib ki, mələsəyə qısa zamanda aydınlıq gətiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də onlayn taksi xidmətlərində müşahidə olunan qiymət artımını dolayısı ilə təsdiq edib. Qiymət artımı ilə indiyə qədər şirkətlərin tətbiq etdikləri dempinq aradan qaldırılacaq.
Agentlikdən bildirib ki, taksi minik avtomobilləri ilə daşımalarda qiymətlər tələb və təklif əsasında müəyyən olunur. Mövcud vəziyyətdə bəzi taksi sifarişi operatorları öz maliyyə imkanları hesabına qiymət dempinqi tətbiq edirlər ki, bu da haqsız rəqabət mühitinin formalaşmasının başlıca səbəbidir: “Nəticədə, taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi aşağı düşür, sürücülər əmək qanunvericiliyində nəzərdə tutulan müddətdən daha artıq işləmək məcburiyyətində qalırlar, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlaya bilmirlər. Bu da birbaşa xidmət keyfiyyətinin aşağı salır və təhlükəsizlik risklərini artırır”.
AYNA bir daha bütün iştirakçıların maraqlarının qorunması, eləcə də haqsız rəqabət şəraitinin qarşısının alınması məqsədilə taksi sifarişi operatorlarına daşımaların subsidiyalaşmasının dayandırılması barədə xəbərdarlıq edib.