Şuşada keçirilən Qlobal Media Forumu informasiya müharibəsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir

Demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuat və söz azadlığının, fikir plüralizminin, çoxpartiyalı sistemin mövcudluğu zəruri sayılır. Jurnalistə məlumat toplamaqda, düşündüyünü yazmaqda və çap etməkdə heç bir maneə göstərilməməlidir. Şüurlu şəkildə, xalqın arzu və istəyi ilə demokratik inkişaf yolunu tutan Azərbaycanda bu prinsiplərə durmadan əməl edilir. Bunun üçün hələ ötən əsrin doxsanıncı illərində möhkəm qanunçuluq bazası yaradılıb, Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuata senzura nəzarəti ləğv edilib, qəzet təsisi və buraxılışı son dərəcə sadələşdirilib. Dövlətin azad sözə və mətbuata qayğısı bunlarla bitməyib. Mətbuatın müstəqilliyinə hörmətlə yanaşan Azərbaycan iqtidarı onun maddi durumunun möhkəmlənməsi, iqtisadi çətinlikləri dəf etməsi üçün ardıcıl addımlar atıb…Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ənənələr hazırda uğurla davam etdirilir. Hazırda Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir. Ümummilli Liderimiz Heydər Əliyev istər sovetlər hakimiyyəti dönəmində, istərsə də müstəqillik illərində milli mətbuatımıza diqqət və qayğı göstərib. Hazırda Prezident İlham Əliyev bu qayğını ön planda saxlayır. 21 iyulda Milli Mətbuatın 148-ci ildönümü ərəfəsində ölkənin və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də əcnəbi ekspertlərin iştirakı ilə Şuşada Qlobal Media Forumu keçirilib. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür. Həmçinin qeyd edib ki, işğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı təmin edilib. Bu, Prezident İlham Əliyevin siyasi kursunun mühüm tərkib hissəsidir. Bu məqam dövlətimizin başçısının Forumdakı çıxışında da öz əksini tapıb: “Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır”. Mediamızın saflaşdırılması qazanılan çox böyük demokratik nailiyyətdir. Azərbaycan dövləti demokratiyanın inkişaf etdirilməsi üçün mediaya diqqət və dəstək göstərir. Dövlətimiz bundan sonra da media sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.

Azərbaycan mətbuatı çox böyük tarixi yol keçərək özünü təsdiq edib. Artıq ayrı-ayrı xarici media qurumları Azərbaycan mətbuatına istinad edir. İndi Azərbaycan mediası özü informasiya mərkəzidir. Bu gün informasiya müharibəsi media üzərindən də aktiv şəkildə aparılır. Bu baxımdan informasiya müharibəsində önəmli amil mediamızın fəallığıdır. Forumda cənab Prezidentin dediyi kimi, Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur: “Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik”. Biz dünyaya öz səsimizi media vasitəsi ilə çatdırmalıyıq. Şuşada keçirilən Qlobal Media Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə edilib. Artıq bir neçə gündür ki, Forumda aparılan müzakirələr dünya mediasının gündəmini zəbt edib. Bu da bir daha sübut edir ki, Şuşa artıq həm də qlobal məsələlərin müzakirə olunduğu yer olaraq dünyanın diqqətini çəkir.

Azərbaycan Respublikasında söz və məlumat azadlığının, KİV-lərin maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Hazırda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuata dövlət qayğısı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatımız ötən 148 il ərzində şərəfli yol keçib. Bu gün inkişaf səviyyəsinə görə Azərbaycan mətbuatı da Cənubi Qafqazda liderdir. Azərbaycan mediası inkişaf səviyyəsi baxımından dünya KİV-ləri sırasında özünəməxsus yer tutur. Bütün bunlar təbii ki, jurnalist əməyinin və dövlətin onlara göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. Sevindirici haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası xəbərini, Ali Baş Komandanın “Şuşa sən azadsan” sözlərini cəmiyyətə ilk olaraq elə mediamız çatdırıb.

 

Kamal Paşa-zadə

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin

violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi