Keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi və Azərbaycan dövləti siyasi və iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməklə müstəqil siyasət yeritmək imkanı qazandı.

Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov qeyd edib ki, artıq tarixdə qalmış ittifaq daxilində uzun müddət bürokratik sovet idarəçilik metodu ilə işləyən Azərbaycan sərbəst bazar iqtisadiyyatına keçid etməli idi: “Lakin müstəqilliyimizin ilk illərində ölkədə gələcək inkişaf üçün əsas olacaq transformasiya proseslərini həyata keçirmək mümkün deyildi. Həmin dövrdə respublikamız çox ciddi siyasi, iqtisadi və hərbi kataklizmlərlə üz-üzə qalmışdı. Ölkə daxilində siyasi qarşıdurmalar və respublikanı   bürüyən   xaos,   vətəndaş   müharibəsi,   XX   yüzillikdə   ikinci   dəfə   qazanılan müstəqilliyimizin itirilməsi təhlükəsi islahatlara başlamağı və sərbəst bazar iqtisadiyyatına keçidi reallaşdırmağı mümkünsüz edirdi. Nəinki mümkünsüz edirdi, hətta mövcud iqtisadiyyatı da sürətlə zəiflədirdi. Bundan başqa, qeyd edilən çətinliklərlə yanaşı, azad bazar iqtisadiyyatına keçidin normativ hüquqi bazası da mövcud deyildi. Ölkəni ilk növbədə getdikcə dərinləşən xaosdan xilas etmək lazım idi. Belə mürəkkəb, ziddiyyətli dönəmdə Bakıdan məqsədli şəkildə uzaqlaşdırılan və buna görə də Naxçıvanda yaşamaq məcburiyyətində qalan Heydər Əliyev xalqın son ümid yerinə çevrildi. Paytaxtda və bölgələrdə milyonlarla insan Ulu Öndərin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid edirdi. Xalqına qəlbən bağlı olan Heydər Əliyev Vətənin ağır günündə məsuliyyəti öz üzərinə götürməyə razılıq verdi və 1993-cü ilin yayında Naxçıvandan Bakıya qayıtdı. Ulu Öndərin bu qayıdışı Azərbaycanın qurtuluş tarixinin başlanğıcı oldu. Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də xalqın etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Müdrik siyasətçi olan Heydər Əliyev aldığı qərarlar, verdiyi tapşırıqlar və gördüyü tədbirlər sayəsində qısa müddətdə ölkədə sabitliyi bərqərar etdi və gələcək inkişaf üçün fundamental əsaslar yaratdı. Ölkənin gələcək inkişafına, qarşıda duran məsələlərin həllinə nail olmaq üçün ilk növbədə iqtisadiyyatı böhrandan xilas etmək lazım idi. Uzun illərin idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev vaxt itirmədən bir sıra iqtisadi islahatlara başladı”.