manatNazirlər Kabineti “Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydası”nı təsdiq edib.

Heftelik.az-ın xəbərinə görə, bu Qayda siyasi partiyalar tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi qaydasını tənzimləyir.

Bu Qayda seçkilər dövründə siyasi partiyanın xüsusi seçki (referendum) hesabına köçürülmüş könüllü və ya digər əmlak şəklində qəbul edilən ianələrə şamil edilmir.

Bu Qaydanın məqsədləri üçün aşağıdakılar ianə hesab olunur:

– pul və ya digər əmlak şəklində verilən vəsait;

– bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi;

– öhdəliyin zamin tərəfindən icrasına, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri);

– üzvlük haqqının məbləğindən artıq ödənişlər.

Şəxsin bir və ya bir neçə siyasi partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir. İanənin dəyərinin bazar qiyməti ilə müəyyən edilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçirilir. İanə edilən pul vəsaiti yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə Azərbaycan Respublikasının vətəndaş- larından qəbul edilir.Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Siyasi partiyalar tərəfindən qəbul edilmiş ianə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar həmin ianənin Qanunun tələblərinə uyğun qəbul edilməsi barədə Mərkəzi Seçki Komissiyasının yazılı məlumatı əsasında aparılır.

Siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən 10 (on) gündən gec olmayaraq, bu barədə aşağıdakı məlumatları Mərkəzi Seçki Komissiyasına bu Qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməklə təqdim edir:

– ianə qəbul edən siyasi partiyaya münasibətdə:

– siyasi partiyanın adı, qərargahın yerləşdiyi yer (hüquqi ünvanı), VÖEN-i;

– siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;

– ianə verən Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;

– qəbul edilən ianəyə münasibətdə:

– qəbul edildiyi tarix;

– ianənin məbləği, əmlak olduğu halda tərkibi, bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi, habelə öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).

Ərizə ianəni qəbul edən siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir. İanə pul vəsaiti şəklində olduqda ianənin siyasi partiyanın bank hesabına köçürüldüyünü təsdiq edən sənəd, ianə bu Qaydda qeyd olunan digər formalarda qəbul edildikdə isə müvafiq təsdiqedici sənədlər ərizəyə əlavə edilməlidir. Siyasi partiya tərəfindən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar olunduqda, Mərkəzi Seçki Komissiyası həmin sənədlər daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində onların aradan qaldırılması üçün sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir. Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 5 (beş) iş günü müddətində aradan qaldırılmadıqda, Mərkəzi Seçki Komissiyası müraciətin baxılmamış saxlanılması haqqında məlumatı sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir. Çatışmazlıqları aradan qaldırdıqdan sonra siyasi partiya tərəfindən Mərkəzi Seçki Komissiyasına yenidən ərizə ilə müraciət edilə bilər.

Mərkəzi Seçki Komissiyası bu Qaydada nəzərdə tutulmuş ərizə və sənədlər təqdim edildikdən sonra 10 (on) gün müddətində həmin sənədləri siyasi partiya tərəfindən ianə qəbul edilərkən qanunla müəyyən edilmiş tələblərə riayət olunması baxımından araşdırır. Həmin məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda bu müddət 15 (on beş) günədək uzadıla bilər. Qeyd olunan tələblərə uyğun olaraq qəbul edildiyi müəyyən edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya bu barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verilir. Siyasi partiya tərəfindən qəbul edilmiş ianə tələblər pozulmaqla qəbul edildikdə, habelə ərizədə və ona əlavə edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya və ianə üzrə əməliyyatı həyata keçirmiş müvafiq banka ianənin Qanunun tələbləri pozulmaqla qəbul edilməsi barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verilir. Bu halda siyasi partiya Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 30 (otuz) gün müddətində ianəni geri qaytarmalı, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməlidir.

Nazirlər Kabinetindən Heftelik.az-a verilən şərhdə bildirilib ki, “Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 239 №-li Qərarı siyasi partiyalar tərəfindən qəbul edilən ianələr barədə məlumatların (ianələrin məbləği, ianəni vermiş şəxs və s. barədə məlumatların) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi qaydası müəyyən olunub.

Siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən 10 (on) gündən gec olmayaraq, bu barədə məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Şəxsin bir və ya bir neçə siyasi partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən ediləcək. İanənin dəyərinin bazar qiyməti ilə müəyyən edilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçiriləcək.

Siyasi partiya tərəfindən qəbul edilmiş ianə tələblər pozulmaqla qəbul edildikdə, habelə ərizədə və ona əlavə edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya və ianə üzrə əməliyyatı həyata keçirmiş müvafiq banka ianənin Qanunun tələbləri pozulmaqla qəbul edilməsi barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verəcək. Bu halda siyasi partiya Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 30 (otuz) gün müddətində ianəni geri qaytarmalı, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməlidir.