Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyəti Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid at altında birləşmək məqsədli bəyanat yayıb.

AKİ-dən Heftelik.az-a verilən məlumata  görə, bəyanatda deyilir:

“44 günlük Vətən müharibəsi xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalq öz qəhrəmanlığı və yüksək mənəvi dəyərlərə bağlılığı ilə dünyanı heyrətləndirdi. Bu qələbəni dünyaya çatdırmaq, xalqımızın unikal ruh dünyasını kino dili ilə ifadə etmək kinematoqrafçılarımız qarşısında duran bir nömrəli vəzifədir. Lakin kinomuzda son illərin krizisli durumu, kino xadimləri, gənc kinematoqrafçılar arasında pərakəndəlik, kino sektorunda sistemsizlik yüksək nəticələr əldə etməyə mane olur. Xüsusilə bir ad altında iki Kinematoqrafçılar İttifaqının olması sıralarımıza dağınıqlıq gətirir, kinematoqrafçılar arasında həmrəyliyə mane olur. 1958-ci ildə yaradılmış Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) öz ətrafında peşəkar, istedadlı, zəhmətkeş kinematoqrafçıları birləşdirib. Onlar öz fəaliyyəti ilə səmimi qəlbdən kinomuzun inkişafında maraqlı olduqlarını nümayiş etdiriblər. AKİ olaraq öz tərəfimizdən bildiririk ki, kino təhsili, kino dərsliklərinin hazırlanması, kino festivallarının dəstəklənməsi, kinematoqrafçıların sosial dəstəyi, kino mətbuatının inkişafı, filmlərimizin təbliği sahəsində fəaliyyətimiz haqda kino ictimaiyyətimiz ətraflı məlumatlandırılıb. Lakin nəticələrimizin yüksəldilməsi, kinomuzda uğurla islahatların aparılması üçün iki qohum təşkilatın birliyi mütləqdir. Biz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üzvlərinə müraciət edib, birləşmək istiqamətində birgə fəaliyyətə çağırırıq. Bu birlik təşkilatlar arasında ədalətlilik prinsipi əsasında olmalıdır. Lətif Səfərov, Həsən Seyidbəylinin başladığı, hər iki İttifaqın rəhbərliyində təmsil olunan kino xadimlərinin şərəflə davam etdiyi yol qırılmamalı, uğurla Milli kinomuzun inkişafı naminə davam etməlidir!

Bir daha Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət edib səylərimizi, təşkilatlarımızı birləşdirmək naminə əməli fəaliyyətə keçməyə çağırırıq!”

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.