Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edildi.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, Konstitusiyada “İqtisadi inkişaf və dövlət” adlı 15-ci maddə yer aldı: “Həmin maddədə qeyd edilir ki, “Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”. Qeyd edilən maddənin ölkənin əsas hüquqi aktına daxil edilməsi, əlbəttə ki, təsadüfi deyildi. Ulu Öndər bununla iqtisadi sahədə reallaşdırılacaq irihəcmli dövlət iqtisadi proqramlarının hüquqi bazasının əsasını qoyurdu. Qeyd edilən müddəa dövlətin iqtisadiyyatı inkişaf etdirmək istiqamətində rəhbər prinsip olmaqla, əsas yol xəritəsini müəyyən etdi və bu istiqamətdə qanunvericilik bazasının yaradılması üçün təxirəsalınmaz addımlar atılmağa başlanıldı. Hazırda, iqtisadi qanunvericilik sahəsində mövcud olan bütün normativ hüquqi bazanın (hüquqi akt bazasının) əsas mənbəyini məhz bu müddəa təşkil edir”.