“Subproqram 1.2. Toxum və ting istehsalının dəstəklənməsi” tədbiri üzrə 8400,0 min manat təsdiq edilmiş xərcə qarşı 7433,1 min manat kassa xərcinin (bunun da 6588,9 min manatının və ya 88,6%-nin buğda və arpa toxumu üçün verilən subsidiya təşkil etdiyi) olduğu göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Ölkə iqtisadiyyatının strateji sahələrindən olan kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsində və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində yüksək reproduksiyalı toxumların istehsalının büdcə vəsaiti hesabına dəstəklənməsi olduqca xüsusi əhəmiyyət kəsb edir.
Təhlil göstərir ki, kənd təsərrüfatı bitkiləri, xüsusilə ərzaq təhlükəsizliyində önəm kəsb edən bitkilər (buğda, arpa, kartof və s.) üzrə respublikada əkin sahələrinin yüksək reproduksiyalı toxumlara olan tələbatı yerli istehsal hesabına tam ödənilmir.
Bundan əlavə, respublikada yüksək reproduksiyalı toxumlar üzrə illik kvotanın real tələbatdan aşağı səviyyədə müəyyən olunması və bu tendensiyanın davam etməsi toxumlara olan ehtiyacların idxal hesabına təmin olunmasına gətirib çıxarır.