Sumqayıt Regional Mədəniyyət İdarəsində 2021-2022-ci illərdə ayrılmış dövlət vəsaitlərinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ahəngdar icrasının təmin edilməməsi həmin illərdə aylar üzrə maliyyələşmə və icra məbləğlərinin kəskin fərqlənməsinə səbəb olub.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Bəzi hallarda ümumiyyətlə açılmış vəsaitlərdən istifadə edilməyib, bir sıra hallarda bir ay üçün daha böyük məbləğdə maliyyələşmə tələb olunaraq daha az icra edilib və növbəti aylarda isə, əksinə, açılmış az maliyyələşmə məbləği fonunda əvvəlki aylardan istifadə olunmamış vəsaitlər hesabına daha yüksək icra səviyyəsi nümayiş etdirilib.
Büdcədənkənar fəaliyyətin təhlili digər regional mədəniyyət idarələrində olduğu kimi, audit obyektində də fəaliyyətin əhatəli şəkildə təşkil edilmədiyini və gəlirlərin artırılması ilə bağlı potensialdan tam istifadə olunmadığını göstərir. Belə ki, ümumilikdə İdarənin əhatəsində olan 122 sayda müəssisənin 2021-ci ildə 23,8%-də, 2022-ci ildə isə 28,7%-də bu fəaliyyət təşkil edilmiş, auditin əhatə etidyi illərdə büdcədənkənar gəlirlərin daxil olduğu müəssisə sayının təkcə 20,7% artımı fonunda gəlirlər 2,0 dəfə artım meyli nümayiş etdirib.