1994-cü il 20 sentyabr tarixində Bakı şəhərində yerləşən “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və birbaşa təşəbbüskarlığı, böyük səyləri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” barədə beynəlxalq konsorsium imzalandı.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, həmin müqavilə beynəlxalq əhəmiyyəti nəzərə alınmaqla “Əsrin müqaviləsi” adlandırıldı: “Müqaviləyə dünyanın 13 ən məşhur neft şirkəti qoşulub. “Əsrin müqaviləsi”nin işləməsi sayəsində Azərbaycan keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Həmin dövrdə iqtisadi artım təmin olunmaqla itirilmiş potensial bərpa edildi, işsizliyin əhəmiyyətli səviyyədə azaldılmasına və digər uğurlara nail olundu. Həmçinin ölkənin strateji valyuta ehtiyatları formalaşdırıldı, bank sisteminə etimad bərpa edildi, dövlət büdcəsinin dayanıqlı maliyyələşmə mənbələri müəyyənləşdirildi”.