40 il bundan öncə, 1983-cü il iyulun 27-də ermənilər tərəfindən növbəti terror aktı törədilib. Beş erməni terrorçusu Türkiyə səfirliyinə girməyə cəhd ediblər və səfirliyin binasına daxil ola bilmədiklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirlik iqamətgahına daxil olaraq müvəqqəti işlər vəkilinin həyat yoldaşını, xanım Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşlər. Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdır. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışlar.
Heftelik.az-ın mlumatına görə, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu terror insanlığa qarşı törədilmiş bir qanlı faciədir, səfirlik nümayəndəsinə qarşı təcavüzdür və bu cür hadisələr lənətlənir:
“Zamanında bu terror aktı beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənmişdir. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdir. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdir. O demişdir: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq.”
O zaman ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir.
Zamanında bu hadisə pislənib, amma ermənilər hər zaman olduğu kimi bu hadisələri öz xislətlərinə uyğun qəbul edir, insanlara qarşı bu cür faciələri törədən qatilləri “qəhrəman” kimi ictimaiyyətə təqdim edirlər və gənc nəsli də bu cür xəstə ideologiya ilə tərbiyə edirlər.
Adətən belə “mərasim” tədbirlərində Qriqoryan kilsəsinin ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər.
Ermənilər bu qanlı terror aktlarının törədildiyi günləri öz tarixlərində xüsusi bir hadisə kimi qeyd edirlər və bu cür qatilləri “qəhrəman” kimi təqdim edirlər və dünya ictimaiyyətinə bu yalanlarını sırımaq üçün tədbirlər görürlər.
Əslində isə terrorçular cəzalarını almalıdırlar. Təəssüfləndirici hal ondan ibarətdir ki, bu hal təkcə Ermənistanda deyil, digər dövlətlərdə də qeyd edilir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Lakin bu tədbirlərin qarşısını almaq üçün həmin dövlətlərdə hər hansı bir rəsmi qadağa qoyulmur.
Terrorçulara, insanlara qarşı bu cür faciələr törədən qatillərə qarşı hüquqi bir qiymət verilməlidir və qəti tədbirlər görülməlidir.
Ölkəmizin ərazisində hələdə erməni separatçı qrupları qalmaqdadır , onlar terror əməllərini davam edir, Azərbaycan sərhədlərini atəşə tutur müntəzəm olaraq təxribatlar törədirlər. Bu cür
hadisələrin törədilməsinin səbəblərindən biri də cinayətkarların cəzasız qalmasıdır. Terror aktlarının təkrarlanmaması üçün qəti tədbirlərlə cinayətkarlar mütləq cəzalanmalıdır. Təəssüflər olsun ki , beynəlxalq təşkilatlar hələdə erməniləri məzlum bir xalq kimi qələmə verirlər.