Təqdim olunmuş məlumatlara görə iribuynuzlu heyvanların sayı 2022-ci ilin sonuna 2618,1 min baş olmaqla 2021-ci ilin müvafiq göstəricisi (2647,2 min baş) ilə müqayisədə 29,1 min baş azalıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Həmçinin, iribuynuzlu heyvanların sayı 2019-cu ilin sonuna 2658,1 min baş, 2020-ci ilin sonuna 2647,9 min baş olub.
2022-ci ilin sonuna qoyun və keçilərin sayı 7751,7 min baş olmaqla 2021-ci ilin analoji göstəricisindən (8037,1 min baş) 285,4 min baş az olub. Eləcə də, qoyun və keçilərin sayı 2019-cu ilin sonuna 8296,3 min baş, 2020-ci ilin sonuna isə 8156,9 min baş təşkil edib.
İndikatorların təhlili göstərir ki, mal əti ilə özünütəminat səviyyəsi istisna olmaqla digər istiqamətlər (quş əti, qoyun əti və süd ilə özünütəminat səviyyəsi) üzrə yerli istehsalın payının artırılması ilə bağlı qarşıya qoyulmuş məqsədə tam nail olunmayıb.