Tədrisin şagird sayının müəyyən edilmiş normalara riayət edilmədən, eləcə də sinif otaqları çatışmadığı halda təşkili dərs saatlarının düzgün tarifləşdirilməməsi və dərs saatlarının üst-üstə düşməsi ilə nəticələnərək dövlət vəsaitinin də artıq istifadəsinə şərait yaradıb.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Göstərilən nöqsanlar səbəbindən İdarənin əhatə etdiyi rayon və şəhərlər üzrə ümumilikdə 353,5 artıq dərs saatı tarifləşdirilməklə 99,6 min manat məbləğində dövlət vəsaitinin artıq istifadəsinə yol verilmiş, bu istiqamətdə nöqsanların daha çox 2020/2021-ci tədris ilinə aid olması müəyyən edilmişdir. Abşeron rayonu Saray qəsəbə Uşaq İncəsənət məktəbi üzrə təsdiq edilmiş dərs cədvəli üzrə sinif otaqları çatışmadığı halda tədrisin təşkil edildiyi, bununla da dərs cədvəlində dərs saatlarının toqquşması, məktəb üzrə 2022/2023-cü tədris ilində bu səbəbdən keçirilməyən dərs saatlarına görə ümumilikdə 76 müəllim üzrə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək 34,6 min manat məbləğində əməkhaqqı ödənildiyi müəyyən olunub.