Ümummilli Liderin təşəbbüsü ilə 1998-ci ilin sentyabr ayında 9 ölkənin – Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan və Qırğızıstanın dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə “Tarixi İpək Yolu”nun bərpasına həsr olunmuş beynəlxalq konfrans təşkil olundu.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, konfransın yekunu olaraq, Avropa İttifaqının TRASEKA (Transport Corridor Europe- Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramı əsasında “Avropa- Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanaraq, “Bakı Bəyannaməsi” qəbul edildi. Bununla da, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, layihənin əsas inkişaf istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayıb: “Bunun nəticəsidir ki, hazırda Azərbaycan Çin Xalq Respublikasının təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin əsas iştirakçılarından biri qismində çıxış edir”.