Hesablama Palatası respublikamızda heyvandarlığın inkişaf etdirilməsi imkanlarının mövcud olduğunu nəzərə alaraq, yerli damazlıq təsərrüfatların imkanlarından (potensialından) istifadə olunmaqla kənd təsərrüfatı heyvanlarının baş sayının və heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsini zəruri hesab edir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Respublikada heyvandarlıq təsərrüfatlarının, heyvanların və heyvan qruplarının qeydiyyatının aparılması, onların hərəkətlərinin izlənilməsi, mənşəyinin, təsərrüfat əhəmiyyətinin və istifadə təyinatının müəyyənləşdirilməsi, heyvanların xəstəlik tarixçəsinin (vaksinasiya daxil olmaqla) və onlara dair digər məlumatların (o cümlədən yaşı, cinsi, sağlamlıq vəziyyətinə dair məlumat, idxal edildiyi halda idxal nömrəsi və s.) qeydiyyatının tam aparılmaması xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə işlərinin aparılmasında və izlənilməsində, heyvanların sığortalanmasında və qida təhlükəsizliyi sahəsində nəzarətin həyata keçirilməsində bir sıra çətinliklər yaratmaqla uçotun və qeydiyyatın daha da təkmilləşdirilməsini labüd edir.