2022-ci ilin dövlət büdcəsində “Kənd təsərrüfatı” bölməsi üzrə ümumilikdə 920,1 mln. manat vəsait icra edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Həmin vəsaitdən 413,9 mln. manatı və ya 45,0%-i “Meliorasiya” fəaliyyətinə, 462,6 mln. manatı və ya 50,3%-i “Kənd təsərrüfatı tədbirləri”nə, 36,5 mln. manatı və ya 4,0%-i “Baytarlıq” fəaliyyətinə, 7,1 mln. manatı və ya 0,7%-i “Kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər” üzrə icra olunub.
2022-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 proqram üzrə (5 hədəf 22 tədbir) kənd təsərrüfatına dövlət dəstəyinin və müxtəlif istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə 529,3 mln. manat vəsait nəzərdə tutulsa da, 503,3 mln. manat (95,1%) icra edilmişdir ki, bu da 2021-ci ilə nisbətən 5,4 mln. manat və ya 1,1% çoxdur.
“Strateji hədəf 1. Bitkiçilik məhsulları istehsalının artırılması” bölməsi üzrə 347178,2 min manat təsdiq edilmiş vəsaitdən 328680,0 min manat və ya 94,7% icra həyata keçirilib.