1999-cu ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Sammitində Amerika Birləşmiş Ştatları, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın dövlət başçıları tərəfindən “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin çəkilişi haqqında dövlətlərarası beynəlxalq müqavilə imzalanıb.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, 2002-ci il sentyabrın 18-də Bakıda Səngəçal terminalında Ümummilli Liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməl daşı qoyulub və onun inşası 2006-cı il may ayının 28-də yekunlaşdırılaraq istifadəyə verilib.
Azərbaycanın enerji resurslarının nəqlində Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir: “Azərbaycan bu kəmərlə bir dünya “arteriya”sı kimi qlobal neft kəmərləri sisteminə daxil olub. Bütün bunlar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi idi. O, güclü siyasətçi və dövlət xadimi kimi yaxşı anlayırdı ki, dövlətin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır”.