Surət Hüseynov hazırda İstanbulda xəstəxanalardan birində reanimasiyadadır.
Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında sabiq baş nazir Surət Hüseynovun Gəncədə yaşayan yaxın qohumu Kamal Hüseynov deyib.
K. Hüseynovun sözlərinə görə, Surət Hüseynovun İstanbul aeroportunda səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, Surət Hüseynovun səhhəti hazırda normallaşıb, müalicəsi davam edir. Onun bu gün İstanbulda başqa xəstəxanaya köçürülməsi gözlənilir.
Qohumu onu da deyib ki, Surət Hüseynov son illərdə davamlı olaraq İstanbulda yaşayır.
Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.
***
saat 13.55
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun vəfat etməsi barədə xəbər yayılıb.
Heftelik.az-ın Gununsesi.info-ya istinadən verdiyi məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.
Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.
İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.
Qeyd edək ki, Surət Hüseynovun yaxınlarının onun vəfat etmədiyi, ancaq ağır durumda, komada olduğunu bildirdiyi barədə xəbərlər də yayılıb.