Təhsildə inkişaf və innovasiyalar üzrə qrantlarla bağlı son müsabiqənin nəticələri birmənalı qarşılanmayıb.

Heftelik.az-ın məlumatına görə, ekspert Kamran Əsədov müsabiqənin nəticələrinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılmasında başlıca məqsədlərindən kənara çıxdığını yazıb:

“Mənə maraqlıdır, hörmətli Elm və Təhsil naziri Emin Əmrullayev balet federasiyanın prezidenti olsa idi, indi təhsilə ayrılan qrant məktəbdə balet yarışına ayrılacaqdı?

Niyə təhsilə ayrılan, təhsilin inkişafı üçün nəzərdə tutulan vəsait, şəxsi maraqlara xidmət edir?

Qaydalara görə, Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Qaydalar deyir ki,  siyasi, dini, xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar yardımı və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə baxılmır.

Tədris planında bu tədbirin keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Qrant layihələrinin hər birini təhlil edib, nə qədər özbaşınalıq edilməsini mütəmadi olaraq yazacam.

İdman yarışının keçirilməsi üçün də qrant ayrılar?”.

 

Qeyd edək ki, Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidentidir.