2022-ci il üçün “Bitkiçilik sahəsində istehsalın illik artımı” 3,5% proqnozlaşdırılsa da, faktiki 3,3% artıma nail olunmaqla 2021-ci ilə nisbətən 0,7% bəndi az olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Eləcə də, respublika üzrə əkin sahələri 1662,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkin sahəsi 1624,0 min hektar olmaqla 2021-ci ilə nisbətən 20,5 min hektar az, o cümlədən strateji məhsul olan buğdanın əkin sahəsi 570,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkilən sahə 547,2 min hektar təşkil etməklə 2021-ci ilə nisbətən 25,1 min hektar az olub.
Bununla yanaşı, təqdim olunmuş məlumatlara görə buğdanın məhsuldarlığı 32,9 sentner/ha proqnozlaşdırılsa da, faktiki 31,9 sentner/ha olmaqla 2021-ci illə müqayisədə 1,0 sentner/ha aşağı olub. Arpanın əkin sahəsi 2022-ci ildə 386,3 min hektar olmaqla 2021-ci ilə nisbətən (373,7 min hektar) artsa da, məhsuldarlığı 2022-ci ildə 28,8 sentner/ha olmaqla 2021-ci ildəki göstəriciyə (30,7 sentner/ha) nisbətən aşağı düşüb.