Respublika üzrə əkin sahələrinin becərilməsinə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş əkin subsidiyasının məbləği 2022-ci ildə 246558,4 min manat olmaqla 2021-ci illə müqayisədə 11998,9 min manat və ya 4,6% azalıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Azalma əsasən 2022-ci ildə buğda əkin sahəsi üçün verilən subsidiyanın məbləğinin əvvəlki illə müqayisədə 8117,2 min manat azalması, eləcə də əvvəlki 2 ildən fərqli olaraq pambıq və şəkər çuğunduru üzrə əkin subsidiyasının verilməməsi ilə bağlı olub.
Eləcə də, buğda məhsulu qədər önəmli olmayan arpaya görə 2022-ci ildə verilmiş əkin subsidiyasının məbləği 76073,7 min manat olmaqla əvvəlki illə müqayisədə 24996,8 min manat və ya 48,9% artmış, lakin buna baxmayaraq ölkə üzrə arpa istehsalı 2021-ci ildəki 1146,7 min tondan 2022-ci ildə 1100,8 min tona qədər azalıb.
Pambıq əkini üzrə 2022-ci ildə əkin subsidiyasının verilməməsinə baxmayaraq respublikada pambıq istehsalı 2022-ci ildə 322,5 min ton olmaqla 2021-ci ilin müvafiq göstəricisindən 35,5 min ton və ya 12,4% çox olub.
Yuxarıda qeyd edilənlər bitki növləri üzrə Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyası əmsallarının daha detallı əsaslandırılmasını və əkin subsidiyasının mərhələlərlə məhsul subsidiyası ilə əvəz edilməsi imkanlarına baxılmasını aktuallaşdırır.