Prezident İlham Əliyev: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”
Ana dilində danışmaq insanın yaşamaq haqqından sonra ən böyük haqqıdır. Bu haqqın tapdanılmasına heç bir halda yol vermək olmaz. Buna görə də hər bir xalqa öz ana dilindən danışmaq, oxumaq və yazmaq haqqı verilməlidir. Sovet dönəminin ilk illərində Azərbaycan dilinə də bir sıra qadağalar qoyulmuşdu. Hətta 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bu “dil repressiyalar”ının aparılması dilçiliyin inkişafına da maneə yaradırdı. Belə bir zamanda Azərbaycan dilinin ana dili olaraq qorunması və saflaşdırılması istiqamətində addımların atılmasına ehtiyac duyulurdu. Bu baxımdan həmin zamanlar Ulu Öndər Heydər Əliyev cəsarətli mövqeyi bir daha özünü göstərib. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu Öndər Heydər Əliyev ana dilimiz haqqında danışarkən demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Göründüyü kimi, xalqımızın milli-mənəvi inkişafında dilimiz də xüsusi rol oynayır. Məhz buna görə də Ulu Öndər Azərbaycan dilinin qorunması məsələsinə də hər zaman diqqət etmişdi.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu fərmanın verilməsi milli şüurun inkişafı, yeni nəslin dilimizə bağlığı baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan dilinin olması bizim müstəqilliyimizin əsas qarantı idi. Çünki dilimiz ata-babalarımızdan bu günə kimi gəlib çıxan milli sərvətimiz, milli-mənəvi dəyərimizdir. Hazırda Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik nümayiş olunur. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Bu sənədlərin imzalanmasından sonra Azərbaycan dilində ədəbi əsərlər, nəşrlər daha da artıb. Prezident İlham Əliyev “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”, deyərkən Azərbaycan dilinin bu baxımdan əhəmiyyətini nəzərdə tutub. Artıq yeni nəsil arxivlərdə latın qrafikalı əsərlərdən məlumatlar əldə edir. Bütün bunlar da ölkə başçısının Azərbaycan dilinə olan diqqətinin bariz nümunəsidir.
Prezident İlham Əliyev ana dilimizin qorunması və saflaşdırılması məsələsini də daimi nəzarətdə saxlayıb: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoloji, etimoloji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir”. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Bu, cənab Prezidentin dilimizə sevgi və ehtiramından qaynaqlanır. Azərbaycan dilinin varlığına verilən dəyər olaraq bu sənəd dilimizin qorunması məsələsinə yenidən, amma daha ciddi şəkildə diqqət edilməsinin vacibliyini göstərir. Ədəbi dil pozuntularına yol verən qurumların bir çoxu üçün ədəbi dil əsas fəaliyyətin bazis vasitəsidir. Buna görə də Azərbaycan dilinin normaları hər bir qurum, ümumilikdə isə cəmiyyət tərəfindən qorunmalıdır.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi