Azərbaycanda təkrar istehsal texnologiyası, əsasən də tullantıların təkrar istehsalata qaytarılması hazırda ilkin inkişaf mərhələsindədir. Artıq bir neçə ildir ki, Bakı şəhərində tullantıların çeşidlənməsi layihəsi həyata keçirilir. 10 ilə yaxındır ki, Balaxanıda tullantıların çeşidlənməsi zavodu fəaliyyət göstərir. Bu zavodda Bakı şəhərinin Səbail, Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşdirilmiş narıncı tullantı qutularına toplanan bərk məişət tullantıları çeşidlənir.

 

Məlum olduğu kimi, Bakı şəhərində tullantılar iki çeşidə ayrılır. Bunlardan biri qaprışıq tullantıdır ki, bu növ tullantı Balaxanı Bərk Məişət Tullantıları zavodunda yandırılaraq, ondan enerji, tikinti materialı və gübrə yarımfabrikantları istehsal edilir. Lakin narıncı tullantı qutularına toplanan karton, kağız, şüşə, plastik və dəmir tullantıları çeşidləmə zavodunda yenidən yuxarıda sadaladığımız növlərdə çeşidlənərək yenidən istehsal prosesinə cəlb edilir. Hazırda Bakı şəhərinin Səbail rayonu üzrə belə tullantıları daşımaq üçün iki maşın ayrılıb. Amma hələ bu proses yuxarıda qeyd etdiyimiz kimi, ilkin mərhələdədir. Tullantıların zərərsizləşdirilməsi və çeşidlənərək təkrar istehsalata qaytarılması prosesi ilə bağlı ötən ilə dair rəsmi statistikanı oxucuların diqqətinə təqdim etmək istəyirik. 2022-ci ildə ölkədə 3984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox tullantı əmələ gəlmiş və onların 66,7 faizini bərk məişət tullantıları, 33,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Ötən il yaranmış 2658,3 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb.

Məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt saat və ya 2021-ci illə müqayisədə 6,3 faiz çox elektrik enerjisi istehsal edilib. Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 28,5 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 42,7 faizi ölkə daxilində satılıb, 3,8 faizi ixrac olunub, 13,8 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 11,2 faizi isə müəssisələrdə qalıb. Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci ildə 337,1 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 8,5 faiz olub. Tullantıların 63,1 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük əksəriyyəti Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 55,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

Rəsmi statistik məlumatlardan göründüyü kimi, ötən il ölkədə yaranan tullantıların cəmi 0.5 faizi çeşidlənmə nəticəsində təkrar istehsala cəlb edilib. Düzdür, bu məlumat yalnız çeşidlənmə zavodunun seçərək satdığı tullantının həcmini əks etdirir, lakin digər vasitələrlə çeşidlənən tullantıları da nəzərə alsaq, bu, ümumi tullantının bir neçə faizinə bərabər ola bilər. Məlumdur ki, bəzi vətəndaşlarımız da öz təşəbbüsü ilə tullantı çeşidləyir və satır ki, bununla müəyyən qədər vəsait qazanır.

 

Bu gün yuxarıda qeyd edilən 0.5 faizlik (tullantıların çeşidlənərək yenidən istehsalata qaytarılması) göstəricinin yüksəldilməsi, məhz Bakı şəhərinin sakinlərindən asılıdır. Biz məişətimizdə yaranan tullantıları nə qədər diqqətlə çeşidləsək və çeşidlənən tullantını təyinatı üzrə tullantı qutusuna yerləşdirsək, bir o qədər yenidən istehsalata qaytarılan tullantıların həcmini artırmış olarıq. Ona görə də paytaxt sakini olaraq, həm özümüz tullantıları çeşidləməliyik, həm də bu işi digərlərinə təbliğ etməliyik.

Bir məsələni də qeyd edim ki, monitorinqlər zamanı evdə çeşidlənmiş tullantını təyinatı üzrə qutulara yerləşdirməyən sakinlərlə də rastlaşıdıq. Onların əksəriyyəti kişilərdir. Bu tendensiya yalnız Bakı şəhəri ilə məhdudlaşmamalıdır. Bakı şəhəri öndə olaraq, ölkənin digər şəhər və qəsəbələrinə, hətta, kəndlərinə nümunə olmalıdır.

 

Şahnaz Salehqızı, “Paralel.az”

 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Təbiətdə zibil yox, tullantı – xammal var” layihəsi çərçivəsində hazırlanıb.

Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.