Dövlət ehtiyaclarının ödənilməsi məqsədilə əsasən rəqabətli satınalma metodlarına üstünlük verilsə də, satınalmalar planlaşdırılmamış, şəffaflıqla bağlı hüquqi aktların tələblərinə əməl olunmamış, tender komissiyasının tərkibinin və üzvlərinin sayının hüquqi aktların tələblərinə uyğun müəyyən edilməsi fonunda komissiyanın fəaliyyətinin düzgün təşkil olunmaması hesabatlılığın təmin edilməməsi ilə nəticələnib.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Auditin əhatə etdiyi dövr ərzində keçirilmiş satınalmalara dair şərtlər toplusu tərtib edilsə də, bu istiqamətdə tələb olunan mal, iş və xidmətlərin ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi ilə bağlı mövcud resurslardan tam istifadə olunmayıb, bu isə dövlət vəsaitlərindən daha qənaətli istifadə imkanlarını məhdudlaşdırıb.