Ömrün unudulmaz anları

Ulu öndər Heydər Əliyevlə ilk tanışlığım  1968-ci ildən başladı. O zaman Qaradağ Tikinti Materialları Kombinatının direktoru vəzifəsində çalışırdım. Bir gün Azərbaycan Tikinti Materialları Sənayesi naziri məni yanına çağırıb dedi: “Dövlət Təhlükəsizlik Komitəsinin sədri yoldaş Əliyevin yanına gedərsən. Komitənin bizə işi düşüb, onu yoluna qoyarsan”.

Elə həmin gün komitəyə getdim. Məni qarşılayıb Heydər Əliyevin kabinetinə apardılar. Heydər Əliyev məni çox səmimi qəbul etdi. Əvvəlcə kombinatdakı vəziyyətlə maraqlandı. Sonra dedi: “Bizim komitə Lenin prospektində (indiki Azadlıq prospekti) Neftçilər İdman Klubunun yanında öz əməkdaşları üçün beşmərtəbəli bina inşa edir. Tikinti təşkilatlarının imkanları məhdud olduğuna görə, Qaradağdan, sizdən öz qüvvələri ilə mişar daşı və üzlük plitələrinin gətirilməsində çətinlik çəkirlər. Xahişimiz odur ki, imkan dairəsində mərkəzləşmiş üsulla tikintimizə mişar daşı və üzlük plitə göndərəsiniz”. Məmnuniyyətlə razılıq verdim. Xahiş etdim ki, mənə materialların miqdarını, gündəlik tələbatı versinlər və aidiyyatı şəxslər mənimlə əlaqə saxlasınlar.

Bu görüşdə Heydər Əliyevin nə qədər səmimi bir insan olduğuna özüm üçün kəşf etdim. Katibəyə özünə və mənə çay gətirməyi tapşırdı. Sonra daxili telefonla kiminləsə danışıb, dediklərimi onun nəzərinə çatdırdı və tapşırdı ki, təcili arayış hazırlayıb gətirsinlər. Az vaxtda arayış hazır oldu və gətirib ona verdilər. DTK sədrinin səmimiyyətindən və qayğıkeşliyindən cəsarətlənib ondan bir xahiş etdim: “Hörmətli Heydər Əliyev dediklərinizi vaxtından əvvəl həyata keçirmək üçün əlimdən gələni edəcəyəm. Xahiş edirəm, mümkündürsə, tikdiyiniz həmin binadan mənə üç otaqlı bir mənzil verəsiniz. Ailəm çox çətin şəraitdə yaşayır. Qoy Sizdən və nazirlikdən ailəmizə bir yadigar qalsın”.

Bir anlıq fikrə gedib dedi: “Bir həftədən sonra Moskvadan, SSRİ DTK-dan sənə bir məktub veriləcək”. Həqiqətən də deyilən məktubu aldım. Bu mənim üçün böyük bir arzu idi. Binanın tikilməsinə lazım olan miqdarda daşı, üzlük plitəni vaxtlı-vaxtında göndərdim.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev birinci katib seçiləndə, buna bəlkə də hamıdan çox mən sevinirdim. Təhlükəsizlik Komitəsi üçün tikilən bina təhvil veriləndə məndə olan məktubu yeni sədrə çatdırdım. O, “imkanımız yoxdur” deyə, mənə mənzil verməkdən imtina etdi. Onun bu hərəkəti məni çox pis vəziyyətə saldı. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə bir neçə teleqram vurdum. Amma sonradan öyrəndim ki, onların heç birini ona  çatdırmayıblar…

***

1968-ci ildən 1980-ci ilə qədər Qaradağ Tikinti Materialları kombinatının direktoru işlədim. 1951-ci ildə yaranmasına baxmayaraq,  tikinti materialları istehsal edən karyerlərə Heydər Əliyev Azərbaycana rəhbərlik edənə qədər elə də böyük diqqət  verilmirdi. 1972-ci ildən başlayaraq respublikanın yeni rəhbərinin tikinti materiallarının istehsalına diqqəti hiss olunmağa başlandı. Yarandığı gündən respublika rəhbərliyindən bir nəfər də olsun Qaradağ Tikinti Materialları kombinatına gələn olmamışdısa, 1972-ci ilin avqustunda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin tapşırığı ilə MK-nın katibi Həsən Seyidov respublikanın müvafiq nazirliklərinin rəhbərləri ilə kombinata gəldi, bir çox sahələri gəzib vəziyyəıtlə tanış oldu, bütün çətinlikləri öyrəndikdən sonra mənim kabinetimdə toplantı keçirtdi.  Toplantıda mən ətraflı çıxış edib vəziyyəti diqqətə çatdırdım. Üç saat davam edən toplantıda təkliflər planı hazırlandı və MK katibi onun icrasına nəzarəti öz üzərinə götürdü.

Nəticədə 1972-ci ildən 1985-ci ilə qədər mütəmadi olaraq plan və tapşırıqlar artıqlaması ilə yerinə yetirildiyinə görə kombinat 10 il SSRİ Tikinti Materialları Sənayesi və Sahə Həmkarlar İttifaqının keçici Qırmızı Bayrağını özündə saxladı.  Hətta Heydər Əliyevin təqdimatı ilə daşkəsən maşınistimiz Əhliman Qasımov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görüldü.

Heydər Əliyev həqiqətən tikinti materialları kombinatları arasında aparıcı müəssisə olan və nazirliyin mişar daşı istehsalının 60-70 faizini və üzlük plitənin 100 faizini verən Qaradağ Tikinti Materialları Kombinatının fəaliyyətinə xüsusi qayğı göstərirdi. Həmin dövrdə birbaşa Heydər Əliyevin təklifi ilə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tikinti sənayesi müəssisələri üçün mütəxəssis hazırlayacaq  880 nəfərlik peşə məktəbi kompleksi tikilib istifadəyə verildi.

***

1980-ci ilin iyununda Azərbaycanda yeganə olan Qaradağ Sement zavodunun iqtisadi göstəriciləri qənaətbəxş olmadığına görə Heydər Əliyevin tövsiyyəsi və MK bürosunun qərarına əsasən zavoda direktor təyin olundum. Əvvəlcə məni MK katibi qəbul etdi. Həsən Seyidov mənim özümə qarşı necə tələbkar olduğumu yaxşı bilirdi. Zavodun yenidən qurulması üçün hansı tədbirlərin görülməsinin lazım olduğunu soruşdu.  Mən çəkinmədən dedim: “Birinci, xahiş edirəm məndən 5 il sement istehsalı planını doldurmağı tələb etməyin, amma biz ötən illə müqayisədə artıq sement verəcəyik, yalnız 5 ildən sonra plana çıxacağıq. Təklif qəbul olundu. İkincisi,  sement zavodunda işləyənlərin əksəriyyəti sənətkarlardır–elektrik, qaynaqçı, çilingər, quraşdırıcılar və s. Onların əmək haqlarını nazirliyin təsdiq etdiyi ümumi əməkhaqqı fondundan kənara çıxmamaq şərti ilə artırmağa icazə verin. Bu xahişimi də qəbul etdi. Dedim, üçüncü xahişim  özümlə bağlıdır. Kombinatda işləyəndə mənim haqqımda çörək verdiyim və hörmət etdiyim bir nəfər müxtəlif adlarla yuxarı distansiyalara “anonim” məktublar yazırdı. Xahiş edirəm, sement zavodunda belə bir hadisə baş versə,  yazanın həqiqi qolu və özünün iştirakı olmadan yoxlamasınlar. OMK katibi gülümsədi və dedi: “Yoldaş Heydər Əliyev səni qəbul edəndə, bu xahişini ona deyərsən”.

MK-nın bürosundan əvvəl Heydər Əliyev məni qəbul etdi və anketmlə tanış olanda dedi: “Bu yoldaşı mən 1968-ci ildən tanıyıram. 13-14 il ən çətin sənaye müəssəsində direktor işləyib! İndi də geridə qalmış zavoda direktor məsləhət bilirsiniz. Bəs deyilmi?” Bunu deyib daxili telefonla MK-nın katibinə zəng vurdu. O, Heydər Əliyevə nə dedisə, razılaşdı. Sonra mənə dedi: “MK-nın katibi deyir ki, Quliyev yüksək vəzifələrə layiqdir. Onun kimi sement zavoduna direktor tapmaq çətindir. Zavodu yenidən qurar, plana çıxar, sonra onun vəzifəsini dəyişərik. Mən də düşünürəm doğru təklifdir və səni direktor təyin edirəm”.

Zavodla əlaqədar tövsiyələrini verəndən sonra mənim xahişimin nədən ibarət olduğunu soruşdu. Mən MK-nın katibinə dediklərimi bir-bir söylədim. O da razılığını bildirdi. Axrıncı xahişimi eşidəndə ucadan güldü və dedi “büroda bu sözləri deyərsən”.

Büroda şöbə müdiri tribunadan mənim anketimi oxudu. Sonra Heydər Əliyev məni tribunaya dəvət etdi. Bir-iki şəxs istisna olmaqla bütün büro üzvləri məni tanıyırdı. Heydər Əliyev soruşdu kimin sualı var? Söz deyən olmadı, üzünü mənə tutub dedi: “Quliyev, indi mənə və Seyidova dediyin xahişləri burda söylə”. Mən bir qədər sıxıla-sıxıla şərtlərimi dedim, axırıncı xahişimi deyəndə, bütün büro üzvləri ucadan güldülər. Sonra Heydər Əliyev özünəməxsus səslə dedi: “Get zavoda, işə başla. Amma etimadımızı doğrult”.

Buradaca Heydər Əliyevin təklifi ilə büronun qərarına yazıldı: “Azərbaycan Tikinti Materialları Sənayesi Nazirliyinə və yeni təyin olunmuş direktor Atakişi Quliyevə tapşırılsın ki, 1985-ci ilə qədər Qaradağ Sement zavodunun yenidən qurulmasına və istehsal gücünün iki dəfə artırılmasına (2,6 milyon ton) nail olmaq üçün SSRİ Tikinti Materialları Sənayesi Nazirliyinin qarşısında məsələ qaldırıb vəsait olmağa çalışsınlar və buna nail olsunlar”.

Azərbaycan KP MK-nın qərarını və şəxsən Heydər Əliyevin tapşırığını yerinə yetirmək, həm daxili imkanlardan, həm də Moskvanın imkanlarından istifadə etmək məqsədilə özüm üçün planlar tərtib etdim. Həqiqətən də işlədiyim 5 ildə zavodda heç bir yoxlama aparılmadı. Bu işin gedişinə daha da müsbət təkan verirdi.

Vəzifəmin əsas meyarı, MK-nın qərarını yerinə yetirmək idi. Ona görə də qarşıda duran məqsədim mütəmadi olaraq Moskvaya, ittifaq nazirliyinə gedib, zavodun qurulmasını və sement istehsalının 2,6 milyon tona çatmasına nail olmaq idi. Məsələnin həlli zamanı “bir şeytan” meydana çıxdı.

Növbəti ezamiyyətlərimin birində Moskvada SSRİ Tikinti Sənayesi nazirinin müavininin qəbul otaında oturmuşdum. Nazirin və müavinin otaqları üzbəüz idi. Qəfildən tanımadığım bir şəxs qəbul otağına girdi. Katibə “durun ayağa” deyib, tez nazirin otağının qapısını açdı. Bu “yekəpər” şəxs xüsusi əda ilə içəri keçdi. Katibədən onun kim olduğunu soruşanda dedi: “Ermənistan KP MK-nın birinci katibi Dəmirçiyandır”. Bir neçə dəqiqə keçdi. Katibə onlara çay apardı, mən də nazir müavini Kuşidinin kabinetinə keçdim. Təbii ki, Qaradağ Sement zavodunun yenidən qurulmasından, Leninqraddan layihəçiləri dəvət etmək və işi sürətləndirməkdən danışırdıq. Söhbətimizin şirin yerində daxili telefon zəng çaldı və nazir müavini Kuşidini yanına çağırdı.

Təqribən 10-15 dəqiqədən sonra nazir müavini rəngi qızarmış vəziyyətdə kabinetinə qayıtdı və üzünü mənə tutub dedi: “Quliyev işlər yaxşı deyil”. Səbəbini soruşanda dedi: “Ermənistanın birinci katibi nazirin yanındadır. O, respublikada  sement istehsalının artırılması məqsədilə Ermənistandakı sement zavodlarından birinin yenidən qurulmasını nazirdən xahiş edib. Nazir də razılığını bildirib. Mənə tapşırıq verdi ki, Ermənistandan istehsal ediləcək artıq sement Azərbaycana və Gürcüstana göndəriləcək”.

1985-ci ildə Ermənistan respublikasının sementə tələbatı ildə 1,6 milyon ton, istehsal isə 1,7 milyon ton, Gürcüstanın tələbatı 2,5 milyon ton, istehsal isə 1,7 milyon ton, Azərbaycanın tələbatı 2,6 -3,2 milyon ton, istehsal isə 1,2 milyon ton təşkil edirdi.

Əhvalımın dəyişdiyini görən nazir müavini dedi: “Quliyev yollar axtarmalıyıq. Narahat olma, bəzi dostlarla məsləhətləşim, axşam evdə görüşərik”. Düzünü desəm, əlim üzülmüşdü. Lakin nazir müavininin mənə olan münasibıtini nəzərə alıb, ümidimi itirmədim. Çox narahat halda axşamı gözlədim.

Axşam nazir müavininin evində söhbətimiz çox səmimi və açıq şəkildə davam etdi. O, məni başa saldı ki, biz birlikdə bu məsələni SSRİ Plan Komitəsinin vasitəsi ilə həll etməliyik. Komitənin əsas plan şöbəsinin müdiri ilə danışdığını söylədi və dedi: “O adam mənim ən yaxın dostumdur. Mən ona sənin haqqında lazımi sözləri demişəm. Səni evinə dəvət edəcək. Sən təcili Bakıya zəng vur və Azərbaycandan müəyyən sovqatlar gətizdir. Onun evinin ünvanını sənə verəcəyəm. O, səni evdə qəbul edib, məsələnin həlli yollarını  deyəcək.”

Mehmanxanaya qayıdıb Bakıya zəng vurdum. Baş mühəndisə tapşırdım ki, təcili qeyd etdiyim sovqatları Moskvaya göndərsin. Səhəri gün sovqatlarla birlikdə şöbə müdirinin evində yollandım. Deyilən mərtəbədə  düşüb sol tərəfdəki qapının düyməsini basdım. Qapını açan şəxs, barmağı ilə sağı göstərdi. Sonra şöbə müdiri ilə söhbət zamanı öyrəndim ki, bu, onun qonşusu Çili Kommunist Partiyası  Mərkəzi Komitəsinin baş katibi Luis Korvalandır.

Şöbə müdiri ilə səmimi söhbət etdik, mənə  yolları  başa saldı, arayışlar  hazırladım. Dedi səni sədrin qəbuluna salacağam, ətraflı  məlumat verərsən, qalan sözləri mən  əlavə edəcəyəm. Sabahı gün SSRİ Dövlət  Plan Komitəsinin  sədri Baybakov Nikolay Konstantinoviçin qəbulunda  oldum.  O, əvvəlcə Bakı haqqında təəssüratlarını  danışdı.  Sonra  gəlişimin məqsədi ilə maraqlandı. Ətraflı məlumat  verib,  əlavə etdim ki,  1980-ci  ildə məni Sement  zavoduna direktor  təyin edəndə,  Azərbaycan KP MK-nın birinci  kaitibi  Heydər Əliyev  Qaradağ Sement  zavodunun istehsal gücünün  2, 6  milyon tona çatdırılmasını qarşımızda  məqsəd qoymuşdu. Biz  bu məsələni  həll etdiyimiz məqamda, azərbaycanca  dedim, araya “şeytan” girdi. Baybakov  güldü və dedi ki, danış nə olub. Mən də əvvəl qeyd  etdiklərimi ətraflı  danışdım.

Sonra şöbə müdiri sədrə konkret faktlarla  məlumat verdi və  təklifini dedi. Baybakov çox səmimi şəkildə dedi; “Bu bizim sevimli Heydər Əliyeviçin xahişidir. Kollegiyanı toplayın, razılaşdırın və Azərbaycan Respublikasındakı Qardağ Zement zavodunun yenidən qurulması haqqında qərar hazırlayın. Biz təsdiq edərik”.

Məsələ belə də  həll olundu. Moskvadakı nazirin fikri dəyişdi və nəticədə 1985–1990-cı illərdə  zavodu tam  istehsal gücünə çatdırmaq və 2 milyon 600 min  ton sement istehsal etmək  üçün Qaradağ sement zavodunun yenidən qurulması barədə 15  fevral 1985-ci il  tarixli qərar imzalandı. Moskva zavodun yenidən qurulmasına 106  milyon rubl  vəsait ayrıldı və bu 1985-ci ilin planına  salındı.

Tikinti materialları istehsalı sahəsindəki xidmətlərimiz və respublikanın ən agır  təsərrüfatlarına 20  il rəhbərlik etdiyimi  nəzərə  alıb,  1985-ci il  martın 5-də  məni Qaradağ rayonu Xalq Deputatları  Soveti İcraiyyə Komitəsinin  sədri  vəzifəsinə  seçdilər.

Təəssüflər olsun ki,   sonralar o  dövrün  respublika  rəhbərlərinin, sifarişçi nazirlik və  baş idarələrin səhlənkarlıqları nəticəsində Qaradağ Sement  zavodunun yenidən  qurulması üçün ayrılmış vəsait  vaxtlı-vaxtında istifadə edilmədiyindən 1988-ci ildə Moskva tərəfindən geri götürüldü. Buna əsasən Heydər Əliyevin  SSRİ Nazirlər Soveti  sədrinin birinci müavini  və Siyasi Büronun üzvü vəzifələrindən uzaqlaşdırılması, bir də Azərbaycanda gedən  siyasi proseslər də səbəb oldu.

***

1984-cü ildə Moskva şəhərində Tikinti  Materiallar Sənayesi nazirinin müavini Kuşidinin 50 illik yubileyi idi. O, evinə ən yaxın dostlarını dəvət  etmişdi. Mən də  yaxın dost kimi dəvət almışdım. Məclisdə ittifaqın  üzrə üç sement  zavodunun  direktorları iştirak edirdi. Dəvət olunanlar daelə çox deyildi – 10-12 nəfər ancaq olardı. Onların 5-i ailə üzvü idi.

Nazirin  müavini Kuşidin mənim şərəfimə badə qaldırandan bir  neçə  dəqiqə sonra  bir  xanım üzünü mənə  tutub  dedi: “Yoldaş Quliyev, Siz Bakıdansınız. Xahiş edirəm mənə deyin görüm Heydər Əliyev azərbaycanlılara nə pislik edib ki, onun haqqında Sov.İKP MK-nın şöbəsinə qalaq-qalaq şikayət məktubları və teleqramlar daxil olur. Şvardnadze haqqında da eynən bu qədər məktub və teleqramlar daxil olur, amma onlar öz birinci katiblərindən çox xoş fikirlər yazırlar. Şevardnadze rus dilində Heydər Əliyeviçdən on dəfə pis danışır. Heydər Əliyev bütün məsələləri çox dərindən və savadlı şəkildə çatdıra bilir. Biz ona hörmətlə yanaşırıq”.

Mən çox  pərt  oldum və izahatımı onlara çatdırmaq üçün nazir müavinindən söz  istədim. Əvvəlcə Heydər Əliyevin şəxsiyyətindən, fenomenal idarəçilik məharətindən, respublikaya rəhbərliyindən, Azərbaycanı 60-70-ci illərdə necə inkişaf etdirməsindəm danışdım.  Sonra  mətləbə  keçib dedim: “Bilirsiniz, Azərbaycanda 300-400 mindən çox erməni  yaşayır, onların 90-95  faizi Azərbaycan dilini bəzi azərbaycanlılardan yaxşı  bilir. Məhz həmin ermənilər də  azərbaycanlıların adından Heydər Əliyevdən şikayət ərizələri,  teleqramlar yazıb mərkəzi zinhara  gətirirlər”.

Mənim bu sözümdən  sonra Volqoqrad Sement zavodunun direktoru Heydər Əliyev haqqında çox dəyərli sözlər söyləyib onun şəxsiyyətini yüksək qiymətləndirdi və dedi: “İldə bir dəfə SSRİ Dəmir Yolları Nazirliyində Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin rəhbərliyi ilə selektor müşavirəsi keçirilirdi. Bu müşavirədə bütün respublikaların dəmiryolu  və sənaye müəssisələrinin rəhbərləri, həmçinin sənaye rayonlarının birinci katibləri, icraiyyə komitələrinin sədrləri və maraqlı olan rəhbər şəxslər iştirak edirdilər. Selektor müşavirəsini Heydər Əliyeviç şəxsən özü aparırdı. Təsəvvür edə bilərsinizmi, Heydər Əliyeviç çox təmkinlə və savadlı şəkildə, ləhcəsiz, müxtəlif məsələlərlə bağlı ayrı-ayrı Respublikaların Dəmiryol İdarələrinin rəhbərlərinə elə müraciətlər edir ki, elə bir o Dəmir Yolları naziridir”.

Biz də onu müçahidə edib sonra bir-birimizə deyirdik:bax savadlı rəhbər belə olar. Madam, bu sizin sualınıza ən doğru cavabdır.

Axırda  nazir  müvini deyilənləri  ümumiləşdirməyi qərara alıb  söylədi: “Heydər Əliyev Moskvaya gələnə qədər, sonradan onun kurasiyasında olan müxtəlif sahələr üzrə nazirliklərin rəhbəri olan bizlər dövlət rabitəsi ilə bir-birimizlə zəngləşib şənbə və bazar günləri harada istirahət edəcəyimiz danışardıq. İndi isəşənbə günü işləyirik, lazım gələndə bazar günü də işə çıxırıq. Bir epizodu danışmaq istəyirəm: şənbə günlərinin birində Heydər Əliyeviçin yanında müşavirə idi. Nazir ezamiyyətdə idi. Toplantıda mən də iştirak edirdim.Müşavirə başlamamışdan əvvəl Heydər Əliyeviç köməkçisindən soruşdu ki, kim gəlməyib. Köməkçi iştirak etməyən nazirin adını və familyasını dedi. O heç nə deməyib müşavirəyə başladı. Dəqiq deyə bilmərəm, amma bir iki həftədən sonra yenə şənbə günü Heydər Əliyeviçin  yanında müşavirə idi, yenə mən iştirak edirdim. O yenə köməkçisindən soruşdu ki, kim yoxdur, köməkçi bildirdi ki, hamısı buradadır. Heydər Əliyeviç müşavirəyə başlamamışdan əvvəl ötən toplantıda iştirak etməyən həmən nazirin burda olub-olmadığını soruşdu. Nazir ayağa qalxıb dedi ki, mən burdayam. Heydər Əliyeviç onu ayağa qaldırıb soruşdu ki, keçən müşavirədə siz harada idiniz. O, cavab verdi ki, bağ evində işləyirdi və gülləri sulayırdı. Heydər Əliyeviç dedi: “Yaxşı, görürəm sizə istirahət lazımdır”.

Bir neçə gündən sonra həmin naziri pensiyaya yola saldılar. Hər dəfə biz yoldaşlarla bir yerə toplaşanda deyirik ki, bizə bax belə rəhbər lazımdır. Adi günlərdə biz qaranlıq düşənə qədər işdə otururduq və dövlət telefonu ilə bir-birimizlə danışırdıq. Onun pəncərəsini görən yoldaşlardan soruşurduq, “Heydər Əliyeviçin otağının işığı yanır, ya yox? Əgər işıq yanmırdısa biz də işdən çıxıb evə gedirdik. Gəlin bu badələri Heydər Əliyeviçin sağlığına işək!”

1982-ci il eşitdik ki, Heydər Əliyev Moskvaya SSR-i Nazirlər Sovetinin birinci  müavini vəzifəsinə işləməyə gedir. Mən Qaradağ Sement  zavodunun direktoru idim. Həmin  ərəfədə Azərbaycan KP MK-nın qərarına əsasən Ali Sovetin fərmanı ilə tanınmış və qabaqcıl təsərrüfat işçiləri,  elm  xadimləri və mühəıəndislərin bir qrupuna “Əməkdar”  fəxri adı verilməli idi. Bizim nazirliyə bir  yer  verilmişdi. O yerə başqa  bir  adamın adını  vermək  nəzərdə tutulubmuş. Heydər Əliyev siyahını yoxlayır və  bizim  nazirliyə çatanda həmin şəxsin adını pozur və yanında olan tikinti və sənaye sahəsi üzrə  kuratoru olan Mərkəzi Komitənin  katibindən mənim soyadımı soruşur və  deyir: “Qaradağ Sement  zavoduna bu   yaxınlarda direktor təyin  etdik. O,  orada çox işlər görür, həm də  çoxdandır nazirlikdə işləyir. Familiyası Quliyevdir, adı  nədir?” Kurator  deyir: “Atakişi”. Atamın adını bilmir. Axşama  yaxın, kabinetdə oturmuşdum  Ali Sovetindən bir  nəfər zəng  vurub  atamın adını  soruşdu. Dedim: “Xeyir olsun?”  Dedi: “Xeyirdir,  sabah qəzetdə oxuyarsan”.  Gərginlik içində  səhər qəzeti alıb oxuyanda,  gözümə inanmadım. Mənə “Əməkdar mühəndis” fəxri adı verilmişdi. Bu  Heydər Əliyevin birbaşa göstərişi ilə olmuşdu. O,  sadə,  işgüzar,  təmiz  adamları  heç zaman unutmurdu. Fəxri  ad  alanlar  arasında  qardaşım elmlər doktoru, professor Fərman Quliyev də  var  idi.

Bunu necə unutmaq olar?

1987-ci  ilin oktyabr ayında Moskvada  idim. Həmişəki kimi M.Qorki  küçəsindəki, direktor  müavini    dostum olan “İnturist”  mehmanxanasında qalırdım. Səhər  yeməyinə  gəlib restoranda  həmişə oturduğum  yerdə oturdum.  Ofisiant yaxınlaşıb  sifariş  götürdü. Bir-birimizi  tanıyırdıq.  Ofisiant Bakıda, Salyan Kazarmasında  hərbi  xidmət  keçmişdi. Həmişə  də   Bakını  və onun sakinlərini tərifləyirdi.  Bir  stol  kənarda  beş-altı erməni  oturmuşdu və onlar  səhər  yeməyi yeyir,  konyak  içir,  danışıb gülürd, nəyisə  bayram edirdilər.

Mən  bu səhnəyə  təəccüb etdim, ofosiantı yanıma çağırıb  soruşdum ki,  onlar  nəyi  bayram edirlər belə? İki  dəqiqədən sonra  ofisiant 21 oktyabr  tarixli “Pravda”  qəzetini  mənə  uzadıb “oxu” dedi. Mən oxuyanda gözlərim  inanmadım. “Politbüronun” qərarı ilə  Heydər Əliyevin istefası  qəbul  edilib  və o, işdən  azad olunub. Bunu oxuyanda özümü  qərib ölkədə, çox  pis  hiss etdim.

Ofisiant məni  başa  saldı ki, ermənilər məhz Heydər Əliyevin istefaya göndərilməsini  bayram edirlər.

***

1994-cü il idi. Heydər Əliyev artıq hakimiyyətə qayıdıb müstəqil dövlət quruculuğunun mürəkkəb və  çətin işləri ilə məşğul idi. Bununla yanaşı ölkə sənayesi, ioqtisadiyyatı tədricən xaosdan qurtulub normal istehsal məcrasına düşməkdə idi. Amma vəziyyət hələ çox çətin idi. Bir gün Heydər Əliyev  Bakının hansısa  rayonda neftçilər  üçün  tikilən evlərlə tanış olmağa gəlir və burada  inşaatçılarla söhbət  edir. Onların problemləri və çətinlikləri ilə maraqlananda, burada çalışan çinlilər inşaatçılar sement sarıdan əziyyət çəkdiklərini bildirirlr. Heydər Əliyev üzünü Baş nazirin müavinlərindən birinə  və Ali sovetinin  sədrinə tutub  soruşur: “Deyin görüm Qaradağ sement  zavodu  hal-hazırda  nə qədər sement istehsal edir?” Kimsə deyir, “ildə 250-450  ton”. Heydər Əliyev əsəbi şəkildə deyir: “Nə  danışırsınız,  mən Moskvaya getməmişdən qabaq zavoda Quliyev  soyadlı bir  direktor  təyin etmişdim. O dövrdə  zənnimcə bir  milyon tondan çox  sement  istehsal olunurdu. Bizi  qane  etmrdi.  Nazirliyin  rəhbərinə  və o direktora   tapşırdıq ki, istehsalı  tam  gücünə 1 milyon 300 min tona və gələcəkdə 2 milyon  tona çatdırsınlar. Haradadır o direktor,  tapın onu, ora  təyin  edin”.

Elə həmən gecə məni  tapdılar. Səhər  Baş nazirin müavininin yanında oldum. Məni  çox yaxşı  tanıyan,  vaxtı  ilə bir  sahədə Mənzil Tikinti Kombinatının  baş  direktoru işləyən şəxs  tkinti obyektində baş verənləri mənə  çatdırıb dedi: “Azərbaycan Tikinti  Materialları Nazirinin yanına  gedib,  əmrimini alarsan”. Amma bir çox səbəblərdən bu məsələ həll olunmadı.

Nəticədə bir müddət sonra “Azərsement” şirkəti  ləğv olundu. Qaradağ sement  zavodu əvvəlki kimi yarıtmaz işini  davam edirdi. Sonra da Sement zavodunun  rəhbərliyi  işləri lazımi  qaydada  apara  bilmədiyinə görə  müəssisə xarici sərmayəçilərə satıldı.

Atakişi QULİYEV,

Azərbaycan Respublikasının Əməkdar mühəndisi,
 89 yaşlı inşaatçı