Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu qondarma liderlər onlara daim yalan danışıblar: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.

Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”.