Ulu Öndərimiz Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının layihəsi hazırlanarkən Əsas Qanunun “Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili”ndən bəhs edən 92-ci maddəsinə “Hesablama Palatası” adlı qurumu əlavə etdirməklə, Hesablama Palatasının konstitusion statusunun müəyyən edilməsində əsas təşəbbüskar qismində çıxış edib.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dövlət maliyyə nəzarəti sisteminin yenidən qurulmasına və təkmilləşdirilməsinə yaranmış zərurəti nəzərə alaraq, dövlət nəzarəti mexanizminin formalaşdırılması, tətbiq edilməsi və inkişafında mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirməyə başladı: “Bununla əlaqədar, Heydər Əliyev tərəfindən iki mühüm sənəd – 1996-cı il 17 iyun tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 463 saylı və 1999-cu il 7 yanvar tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 69 saylı Fərmanlar imzalanıb”.