Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Elm və Təhsil Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Bildirilib ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib:

“Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev zaman-zaman məktəbli forması ilə bağlı fərqli yöndə açıqlamalar verib. Nazir 27 iyul 2022-ci il tarixdə keçirilən mətbuat konfransında bildirmişdi ki, Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb yoxdur, bu, ayrı-ayrı məktəblərin verəcəyi qərardır. Onun sözlərinə görə, əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər: “Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Formanın mahiyyəti budur ki, hamı bərabər olsun. Heç kim ev mühitini məktəbə daşımasın, kimsə varlı-kasıb olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb diektorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsəduyğundur”.