Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərvbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd edilib ki, ölkədə istehsal olunan və idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir və sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür.
Qeyd edilib ki, Multimonitorinq Planının icrası çərçivəsində cari dövr ərzində Agentlik tərəfindən 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə çörək məmulatlarından 108 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib.
11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar yoxlama aparılmış 11 müəssisə barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Agentlik tərəfindən çörək məhsullarının yoxlanılması zamanı media və sosial şəbəkə hesablarında qeyd olunan qida əlavəsi aşkarlanmayıb.
Laborator müayinə nəticələri uyğunsuz olan (kif və maya göbələkləri aşkarlanan) çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№ Müəssisə Ünvan
1. “Magnat Group” MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
2. Fiziki şəxs Yusubova Təhminə Yusub qızı Abşeron rayonu, Məhəmmədi kəndi
3. Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30
4. Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7
5. Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
6. Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı Gəncə şəhəri, N.Nərimanov küçəsi 54
7. “Arizoğlu” MMC Gəncə şəhəri, 1-ci mkr
8. “Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi Füzuli rayonu, Horadiz şəhəri
9. “Bərdə-Çörək” ASC Bərdə rayonu, S.Vurğun küçəsi 18
10. Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi
11. Əhmədov Elnur Namizəd oğlu Yevlax şəhəri, H.Əliyev prospekti 101.
Qeyd edək ki, son günlərdə çörəyə insan və ya donuz tükünün qatılmasına dair iddialar yayılıb.