Sabah saat 11:00-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrində növbə yaratma prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, proses sentyabrın 1-dək davam edəcək.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.

Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edilib ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.