Məlum olduğu kimi, Azərbaycan son illərdə bir sıra yüksək vəzifəli məmurlar həbs edilib. Onlardan çoxuna hökm oxunaraq cəzaçəkmə müəssisəsinə göndəriliblər, bəzilərinin işi üzrə məhkəmə araşdırması isə hələ də gedir.
Heftelik.az-ın məlumatına görə, “Qafqazinfo” vəzifə cinayətləri ilə bağlı həbs edilmiş məmurların cəzaçəkmə müəssisəsindəki vəziyyəti ilə maraqlanıb.
Təbii ki, yaxşı həyat şəraitinə öyrəşmiş eks-məmurlar üçün dörd divar arası heç də ürəkaçan deyil. Onların əksəriyyəti demək olar ki, günlərini həkim müayinələrində keçirirlər. Bu sırada sabiq baş prokuror Eldar Həsənovun, Kürdəmir, Cəlilabad, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin sabiq icra başçılarının və general Rövşən Əkbərovun adını çəkmək olar.
Onların arasında gələcəyə daha ümidlə baxanlar, həbsdə zamanlarının səmərəli keçirməyə çalışanlar da var. Həbsdə olanlardan biri Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur.
Penitensiar xidmətin istintaq təcridxanasında saxlanılan sabiq icra başçısı məhkumluq həyatı yaşayan əksər vəzifəlilərdən fərqli olaraq pozitiv və ümidlidir. İxtisasca iqtisadçı olan Alimpaşa Məmmədov təcridxanada boş dayanmır. O, iqtisadi sahə ilə bağlı yazılar yazır, layihələr hazırlayır. Hətta bir müddət əvvəl hazırladığı layihələrdən birini müvafiq qurumlara göndərib. Layihənin bəyənilib-bəyənilməməsi ilə bağlı isə məlumat yoxdu
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev də məhkum həyatı yaşayır.
12 il həbs cəzasına məhkum edilmiş keçmiş icra başçısının seyid nəslindən olduğunu öyrəndik. O, cəzaçəkmə müəssisəsində ibadət edir, gündə 5 dəfə namaz qılır. V.Hacıyev boş vaxtlarında bəzən şeir də yazır.
Polis əməkdaşını döyməyə görə 3 il 6 ay iş verilmiş sabiq deputat Eldəniz Səlimov isə həbs müddətinin yarıdan çoxunu geridə qoyub. Belə desək, darağının son dişlərini qoparır. Qanuna uyğun olaraq o, cəzasının 2/3 hissəsini çəkdikdən sonra azadlığa buraxıla bilər.
Eldəniz Səlimov həbsdə günün əsas hissəsini idmanla məşğul olmağa üstünlük verir. Bundan başqa o, ölkədə və dünyada baş verən ictimai-siyasi xəbərlərlə yaxından maraqlanır.
Yeri gəlmişkən, Eldəniz Səlimov taleyi ilə barışıb, ona görə barəsindəki qərardan kassasiya şikayəti verməkdən də imtina edib.
Həbsxanada özünə qapananlar da var. Bunlardan biri xüsusilə külli miqdarda mənimsəməyə görə 5 il 6 ay müddətinə məhkum edilmiş Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət İdarəsinin sabiq rəisi Zakir Sultanovdur.
Zakir Sultanovu yaxından tanıyanların dediyinə görə o, təbiətən qapalı insandır. Hətta həbsdə məhkum yoldaşları ilə çox ünsiyyətdə olmur. Yeganə məşğuliyyəti isə televiziyaya baxmaqdır.
Bir xüsusiyyət isə həbsdəki sabiq icra başçılarını, məmurları birləşdirir – Hələ ki, onların davranışları ilə bağlı şikayətlər yoxdur…