Kapital Bank fising/skimminq xidməti adı altında müştərilərin hesablarından pul çıxmağa başlayıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə jurnalist Çingiz Səfərli paylaşım edib.
“Kapital Bank, fising/skimminq xidməti də təzə oyundur? 5 ilə yaxındır Birkart istifadə edirəm, amma indi 4,74 AZN pul çıxılıb balansımdan. Operatora zəng etmişəm, deyir ki, sizin pulunuzu dələduzlara qarşı qoruduğumuz üçün bu vəsait tutulur və müqavilədə də öz əksini tapıb. Yaxşı, əgər müqavilədə belə bir şey var idisə, niyə 5 ildir tutulmurdu, bu ildən başlanılıb?
Bankın vəzifəsi zatən müştərinin pulunu qorumaq, dələduzların müdaxiləsinə imkan verməməkdir. Müştəri indi nə üçün vəzifəniz olan bir şeyə görə sizə pul ödəməlidir? Burada məntiq hardadır?
Əgər kart və 3D security məlumatları kiməsə verilmədən müştəri dələduzluğa məruz qalacaqsa, onda gedin özünüzü dənizə atın. Bu etdiyiniz soyğunçuluqdur və bunun başqa bir adı yoxdur. Elə ən böyük dələduz siz özünüzsünüz. Təəssüf ki, özümüzü sizdən sığortalaya bilmirik”, -deyə jurnalist qeyd edib.
Kapital Bankın fising/skimminq xidməti adı altında müştərilərin hesablarından pul çıxması sosial şəbəkələrdə etirazlara və geniş müzakirələrə yol açıb.