İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər zərfində dəyişikliklər edilərək tibbi xidmətlərin sayı və çeşidi artırılıb, eləcə də bəzi xidmətlərin qiyməti yenilənib.
Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.
Qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də açıqlanıb. Qərara əsasən, bu təminat qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (resipiyentlərə) şamil ediləcəj.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.
Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək.