Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda daha 7 nəfər zərərçəkmiş kimi tanınıb.
Zərərçəkmiş şəxslər onlara dəyən 35 min manat ziyanın geri qaytarılması üçün mülki iddia qaldırıb.
Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.
Bundan əvvəl Bakı Slavyan Universiteti tərəfindən Dürdanə Əliyevaya qarşı 218 min manat məbləğində mülki iddia qaldırılıb.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.
D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.