Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də möhkəmləndirməkdədir. Belə olan halda erməni lobbisi, ermənipərəst dairələr Azərbaycana qarşı çirkin kampaniya aparmağa başlayıblar.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, bəzi beynəlxalq qurumlar, konqresmenlər, senatlar və onların təsiri altında olan bəzi media qurumları Azərbaycana qarşı çox çirkin kampaniyaya başlayıblar.

“Onlardan biri də ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Vaşinqton Post” qəzetində 6 gün ərzində Azərbaycana qarşı 3 məqalənin dərc edilməsidir. Hazırda dünyada daha aktual məsələlərin olduğu dönəmdə, Ukrayna, Afrikadakı hadisələr və s kimi aktual mövzular ola-ola qəzetin Azərbaycana 6 gündə 3 məqalə həsr etməsi göstərir ki, bu bir sifarişdir və ölkəmizə qarşı təzyiq cəhdidir”, – deyə deputat bildirib.

O qeyd edib ki, Vaşinqton Post”da Laçın yolu ilə bağlı ermənilərin tezislərinə uyğun məqalə yazmış Devid İqnatius milliyyətcə ermənidir, 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər edib, Ruben Vardanyanın yaxın dostudur və hətta onun fondu tərəfindən mükafatlandırılıb.

“44 günlük müharibədən əvvəl də, sonra da Ermənistanın və Qarabağdakı separatçıların müdafiəsinə yönəlmiş yazılar və açıqlamalar yayıb. İndi İqnatiusun “Vaşinqton Post”da yenidən ermənilərin tezislərini inkişaf etdirməsi Azərbaycana qarşı Dövlət Departamentinin sifarişi ilə aparılan kampaniya və təzyiq cəhdinin göstəricisidir. İstənilən halda Azərbaycana qarşı belə çirkin kampaniya aparmaqla hər hansı bir nəticə almaq niyyətində olan qüvvələr bilməlidir ki, Azərbaycan ərazisində Azərbaycan qanunları işləyir və hər hansı bir çirkin kampaniya ilə Azərbaycana təzyiq göstərib öz haqlı mövqeyindən döndərmək olmaz”, – deyə deputat əlavə edib.