“ARKOZ Travertin Mərmər Zavodu” MMC-yə (keçmiş adı “Gəmiqaya Daş Məhsulları Sənayə Kompleksi” MMC) məxsus, Kəngərli rayon ərazisində yerləşən Qarabağlar Daş Ocaqlarında 2021-ci il fevralın 22-də iş vaxtı insan ölümü ilə nəticələnən hadisəyə dair araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib.
Naxçıvan Muxtar Respublikası prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, toplanmış material Baş Prokurorluqda öyrənilib, qəbul edilmiş qərar ləğv edilərək hadisə yenidən araşdırılıb və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanmaqla Kəngərli rayon prokurorluğu tərəfindən istintaq aparılıb.
İstintaqla, Qarabağlar Daş Ocaqlarının həmin dövrdə və hazırkı müdiri Məhərrəm Zeynalovun texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan operator işləmiş Elnur Ələkbərovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Məhərrəm Zeynalov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan olunub və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Qeyd edək ki, “Gəmiqaya Holdinq” Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq”in prezidenti olub. Bu il yanvarın əvvəlində “Gəmiqaya Holdinq”in adının bu ilin yanvarında dəyişdirildiyi, Vasif Talıbovun əlindən alındığı məlum olub. Şirkət yanvarın 6-dan “Arkoz Holdinq” adını daşımağa başlayıb.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC də “Gəmiqaya Holdinq”-in tərkibində olub.