Falçılıq edərək 50 000 ABŞ dolları və 15 000 manat pulun ələ keçirilməsində təqsirləndirilən Günəş Qasımovanın məhkəməsi başlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
İş üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili G. Qasımovanın ev dustaqlığına buraxılması barədə vəsatətlə çıxış edib. Vəsatət təmin edilməyib.
Məhkəmə baxış iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, bu il martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.
DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı G. Qasımova cinayət əməlini etiraf edib.
Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öncəgörən olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.